Rəsmi: Narkoloji Mərkəzdə baş vermiş yanğında 25 nəfər ölüb [Yenilənib 7]



///


Narkoloji Mərkəzdə yanğında ölənlərin sayı 25-ə çatıb


Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri yanğın barədə növbəti məlumat yayıb.

 

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

 

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

 

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

 

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

 

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

 

Həyata keçirilən tədbirlər Azərbaycan prezidentinin şəxsi nəzarətindədir.


///



Prezident İlham Əliyev yanğın baş vermiş əraziyə gəlib

12:14



Prezident İlham Əliyev bu gün səhər Xətai rayonunda yanğın baş vermiş əraziyə gəlib.

 

LIVE.az xəbər verir ki, dövlət başçısı Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın haqqında məlumat alıb, vəziyyətlə maraqlanıb.

 

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.

 

Hadisə nəticəsində xeyli sayda ölən və xəsarət alan var.

///



Səhiyyə Nazirliyi Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı rəsmi açıqlama yaydı



Səhiyyə Nazirliyinin Mətbuat Xidməti Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi açıqlama yayıb.

Trend-in məlumatına görə, rəsmi açıqlamada qeyd olunur ki, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib:

"Xəstəxanada müalicə alan və tibbi personaldan ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın baş vermiş korpusda 55 nəfərin olduğu müəyyən edilib. Onların əksəriyyəti vaxtında təxliyə olunub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!"



///



Kəmaləddin Heydərov, Ramil Usubov və Rüstəm Usubov yanğın baş verən əraziyə gediblər

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verən əraziyə gediblər.

 

APA-nın xəbərinə görə, dövlət rəsmiləri hadisə yerinə baxış keçiriblər.

 

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.


///



Rəsmi məlumat yayıldı: Narkoloji Mərkəzdə baş vermiş yanğında 24 nəfər ölüb

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, 2018-ci il mart ayının 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09:13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Azərbaycan Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

///

10:17


Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.
 
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.
 
Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.
 
Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.


///



Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb

09:42


Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.

 

Bu barədə FHN məlumat yayıb.


///

 

Bakıda güclü yanğın baş verib. FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

 

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

 

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

 

Əlavə məlumat veriləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri