Uşaqlara bayram adlarının qoyulması halları azalıb

Azərbaycanda uşaqlara bayram adlarının qoyulması halları azalıb.

Trend-in məlumatına görə, son illər ərzində yeni doğulanlara Bayram, Novruz, Ramazan, Oruc adları daha az qoyulur. Bu il isə bu adlar heç bir uşağa qoyulmayıb.

Bayramla bağlı olan adlar arasından uşaqlara daha çox qoyulanı Ramazandır. Bu adın da bayramla bağlı adlar arasında üstünlük təşkil etməsinə baxmayaraq, ona da olan maraq azalıb. Son 5 il ərzində Azərbaycanda Ramazan adı 396 nəfər qoyulub. 2014-cü ildə 117 nəfərə Ramazan adı qoyulduğu halda, 2017-cı ildə bu ad qoyulan uşaqların sayı illər üzrə bir qədər də azalaraq 92-yə enib.

Uşaqlara qoyulan bayramla bağlı adlar sırasında sonrakı yerləri Bayram, Oruc, Novruz adları tutur.

Son 5 ildə 293 uşağa verilən Bayram adı 2014-cü ildə 94, 2017-ci ildə 62 uşağa verilib.

Oruc adı son 5 ildə 251 nəfərə qoyulub. 2014-cü ildə 78 nəfərə Oruc adı qoyulduğu halda, 2017-cı ildə illər üzrə bir qədər də azalaraq 47-yə enib.

Novruz adı son 5 il ərzində 212 uşağa verilib. 2014-cü ildə 53 uşağa qoyulan Novruz adı 2017-ci ildə cəmi 37 uşağa verilib.

Oğlan uşaqları arasında bayramla bağlı olan adların verilməsi halları azalsa da, Bahar adı verilən qızların sayı azalmayıb. Son 5 il ərzində hər il, demək olar ki, 250 qıza Bahar adı verilir. Bu ad son 5 ildə ümumilikdə 1040 qıza verilib. Yeri gəlmişkən qeyd edək ki, Bahar adı bu il hələlik yenidoğulan heç bir körpəyə qoyulmayıb.

Son 5 ildə Orucəli adı 16, Yazgül adı 23, Bayraməli 13, Yazbahar adı 3 nəfərə verilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri