DGK: Bəzi KİV-lər həqiqətə uyğun olmayan məlumatlar yayır
Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində xaricdən ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrindən gömrük orqanlarının gömrük vergi və rüsumlarından əlavə qeyri-qanuni rüsumlar tələb etdiyinə dair yayılan məlumatlara aydınlıq gətirib.
Komitədən APA-ya verilən xəbərə görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.
Yayılan məlumatda o da bildirilir ki, guya bəzi sahibkar və sürücülər tələb olunan vəsaiti verməkdən imtina etdikləri üçün onlara aid nəqliyyat vasitələri sərhəd-gömrük keçid məntəqələrindən buraxılmayıb və bu da məntəqələrin qarşısında sıxlığın yaranmasına səbəb olub.
Dövlət Gömrük Komitəsi bildirir ki, nəqliyyat vasitələrinin gömrük sərhədindən keçmə prosesi mövcud qanunvericiliyə görə tənzimlənir, gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə görə yalnız qanunvericilikdə nəzərdə tutulan vergi və rüsumlar ödənilməlidir. Üstəlik hazırda ölkənin sərhəd-gömrük keçid məntəqələrində istər avtomobil, istərsə də sərnişin sıxlığı müşahidə olunmur və yayılan məlumatlar həqiqətə uyğun deyil. Hər hansı fakta söykənməyən bu xəbərlərin yayılması isə qərəz və ya naşılığın əlamətidir.
Eyni zamanda, bu gün bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan və qəza törədən Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb, həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.
Dövlət Gömrük Komitəsi bildirir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
///
Paytaxtda vəzifəli şəxsin oğlu "qırmızı işıq"dan keçərək qəza törədib
Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib.
LİVE.az Report-a istinadən xəbər verir ki, "10-LJ-600" dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.
Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi "Nissan Sunny" markalı avtomobil onun maşınına çırpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub. O, yol polislərinin "saxla!" əmrinə tabe olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.
Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib. O, Yol Patrul Xidmətinin qanuni "saxla!" əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.
E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri: