Azərbaycanın turizm xidmətləri üzrə profisiti ötən il 1,6 dəfə artıb

2017-ci ilin yanvar-dekabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutub və bu xidmətlərin ümumi həcmi 12,8 mlrd. dollar təşkil edib.

 

APA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 8,1 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4,7 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

 

Nəticədə xidmətlər balansında 3,4 mlrd. dollarlıq kəsir yaranıb. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 277 mln. dollar təşkil edib. Kəsirin 92%-i (3.1 mlrd.$) neft-qaz sektoru ilə əlaqədardır (əsasən 2.4 mlrd. dollar tikinti xidmətləri və 0.9 mlrd. dollar digər işgüzar xidmətlər).

 

Qarşılıqlı xidmətlər dövriyyəsinin 16%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 48%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 971,4 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1 048,4 mln. dollar təşkil edib.

 

Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 6% artıb. 2017-ci ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 5,7 mlrd. dollar təşkil edib. 2017-ci ilin yanvar-dekabr ayları ərzində turizm xidmətləri üzrə profisit 216-cı illə müqayisədə 1,6 dəfə artaraq 353,4 mln. dollar (2016-cı ilin müvafiq dövründə 219.4 mln. dollar  təşkil edib (2017-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artıb). Öz növbəsində, xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2.7 mlrd. dollar məbləğində olub. Bunun 73%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür (2017-ci il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşların sayı 4% azalıb).

 

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 3,4 dəfə azalaraq 35,7 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 21% artaraq 769,8 mln. dollar olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri