Səfir: “İranın TAP layihəsində iştirakı arzu olunsa, bu barədə fikirləşə bilərik”

İran indiyədək TAP layihəsində iştirak etmək üçün hər hansı təklif almayıb.

Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın bildirib.

İranın bu layihədə iştirakının mümkünlüyü barədə danışan səfir qeyd edib ki, İran Avropaya qazını Türkiyə vasitəsilə ixrac edir: “Əgər yeni bir istək olsa, biz bu barədə fikirləşə bilərik. Biz Avropaya qaz satmaqda israr etmirik, onların daha çox enerjiyə ehtiyacı var. Təbii, bizim neft və qaz ehtiyatlarımız çoxdur, qaz ehtiyatlara görə dünyada Rusiyadan sonra ikinci yerdəyik. Hər hansı bir ölkənin xahişi olsa, biz bunu nəzərdən keçirərik”.

Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri