Müğənni Elariz Məmmədoğlu “APA TV”-nin “Show time” verilişində qalmaqala səbəb olacaq açıqlama verib.
LIVE.az-ın məlumatına görə, ifaçı bildirib ki, heç bir azərbaycanlı müğənni Türkiyədə tanınmır. Hətta həmin sırada xalq artisti Aygün Kazımovanı və əməkdar artist Röya Ayxanın da adını vurğulayıb: “Sualınıza sualla cavab vermək istəyirəm. Bu günə qədər hansı müğənnimiz Türkiyədə nəsə edə bilib? Elə bir müğənnimiz yoxdur axı".
Bu zaman aparıcı qonağına xatırladır ki, Aygün Kazımova, Röya Ayxan Türkiyə şou-biznesinə qatılıb.
Elariz Məmmədoğlu isə bildirir ki, onlar sadəcə ora gediblər: "Allah işlərini avand eləsin. Amma Türkiyədə mövcud olan müğənnilər var ki, onların sırasında yoxdurlar. Ola bilər ki, onlar 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Amma orda ekstralar, sifarişlər yəni səhnədən pul qazanmaq, bunlar yoxdur axı. Çünki Türkiyənin ərazisi Azərbaycandan 10 dəfə böyükdür. Orda pul əmtəəsi bizdən çoxdur. Azərbaycanda klipi 3 min manata çəkdirmək olar, Amma Türkiyədə yox. Orda hər şey 30-40 mindən başlayır. Yəni ki, Türkiyə şou-biznesinə girmək üçün böyük pullar qoymaq lazımdır. O böyük pullar da bizim müğənnilərdə yoxdur. Çünki bizim ən baha gedən müğənnimiz toya 10-15 min manata gedər. O böyük pullar bizdə olmadığına görə oranın şou-biznesinə qatılmaq barədə danışa bilmərik. Mən real danışmağı sevirəm, yalandan deyim ki, ay biz gedərik, nə bilim nə. Azərbaycanda istedadlı müğənnilər, bəstəkarlar, aranjemançılar var. Təki bizim müğənniləri Türkiyədə tanısınlar. Mən buna yalnız sevinə bilərəm. Amma reallıq budur ki, tanımırlar. Mənim oğlum Türkiyədə yaşayır, təhsil alır. O, daha yaxşı bilir ki, bizim müğənniləri orda tanımırlar. Sabah mənim bu sözlərimdən qalmaqal olacaqsa, olsun. Mən reallığı dedim. Qoy sübut eləsinlər ki, onları orda tanıyırlar. Mən də baxım, fəxr edim".
E.Məmmədoğlu bildirib ki, Aygün və Röyadan savayı bu günə qədər Türkiyə şou-biznesində olan Azəri Günel Zeynalova, İradə İbrahimova, Ezo da nəsə edə bilməyib: “Nə bilim Vallah. Təki orda tanınsınlar, amma məndə olan məlumata görə orda tanınmırlar. Amma bizim müğənnilər çox güclüdür. Məsələn, Brilliant Dadaşova çox gözəl sənətkardır. Mən istəyərdim ki, onu tanısınlar".
Müğənni daha sonra onu da əlavə edib ki, onu Moskvada tanıyırlar: “Tanınmaq başqa şeydir. Məsələn mən Moskvada olanda taksi saxladıram, sürücü mənə deyir ki, Elariz müəllim hara gedirsiz? Mən də baxıram ki, bura Moskvadır, məni burda da tanıyırlar. Eləsi var ki, Bakıdan köçən ruslardır. Yəni o tanınmaq başqadır. Yəni Müslim Maqomayev necə tanınırdı? Bax elə. O, Moskvada aləmi dağıdırdı”.