Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir.
Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır.
Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır".
Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.
Birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
O cümlədən birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədlər - hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış əsasında verilir.
Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etməli və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etməlidir. Həmçinin hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etməlidir. Bununla yanaşı, ƏƏSMN birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etməli, müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etməli və bu barədə həmin şəxslərə məlumat verməli, birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Maliyyə Nazirliyinə təqdim etməli, hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etməlidir.
Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin etməli, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tarixədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni təmin etməli, bu Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar Prezidentə illik hesabat təqdim etməlidir.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidir.
Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməlidir.
Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməlidir.