Nazirlik: Suçiçəyi əleyhinə peyvənddən istifadə edilmədiyi üçün hələ də xəstəliyə yoluxma halları var
- 24.04.2018, 12:17,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda suçiçəyi əleyhinə peyvənd istifadə edilmədiyi üçün hələ də ölkədə bu xəstəliyə yoluxma halları qeydə alınır.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Avropada İmmunlaşdırma Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.
A. Əliyeva qeyd edib ki, suçiçəyinə noyabr-dekabr aylarında çox rast gəlinsə də, ötən illərlə müqayisədə son bir neçə ildə yoluxma hallarında azalma müşahidə olunur.
Direktor müavini qonşu ölkələrdə, xüsusilə Ukraynada son iki ildə qızılca xəstəliyinin alovlandığını bildirib, valideynlərə xəbərdarlıq edərək onları uşaqların peyvəndlənməsinə xüsusi diqqət yetirməyə çağırıb.
A. Əliyevanın sözlərinə görə, 2014-cü ildən vaksin preparatları Azərbaycana UNİCEF xətti ilə daxil olur: " Ölkəyə daxil olan vaksinlər ÜST-ün təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan digər vaksinlər Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir".
ÜST-ün Azərbaycan Nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova da hazırda Azərbaycanda mövcud olan 11 infeksiyaya qarşı peyvəndlənmə aparılmasının çox vacib olduğunu vurğulayıb.
APA