Kənd sakinlərini təhqir edən Metropoliten rəsmisi üzr istədiBu gün “Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözləri qalmaqala səbəb olmuşdu.
Oxu.Az xəbər verir ki, hətta sosial şəbəkədə Metropoliten rəsmisinə qarşı “Hamımız kəndçiyik” həşteqi ilə kampaniya başladılmışdı.
Bütün bu olanlardan sonra Babayeva yazdıqlarının düzgün şərh edilmədiyini bildirərək üzr istəyib:
“Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”.
///
Kəndliləri təhqir edən metro rəsmisi özünü günahkar saymırXəbər verdiyimiz kimi, ötən gün “Bakı Metropoliteni”nin Marketinq və Reklam şöbəsinin rəisi Lalə Babayeva fikirləri ilə diqqət çəkmişdi.
O, rayondan gələn əhalini təhqir edərək “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözlərini yazmışdı.
Onun nifrət dolu bu rəyi sosial mediada birmənalı qarşılanmadı və ona qarşı “Hamımız kəndçiyik” həşteqi ilə kampaniya başladıldı.
Daha sonra Babayeva yaranan qalmaqalı sakitləşdirmək üçün əhalidən üzr istədi.
Ancaq bu dəfə Lalə Babayevanın üzrü qəbahətindən böyük oldu. Belə ki, o fikirlərinin doğru olduğunu yenidən təsdiq etdi və insanların onu yanlış anlamasına görə üzr istədiyini bildirdi.
Bundan başqa Minval.Az saytına müsahibə verən Babayeva orada fikirlərinin arxasında durduğunu da qeyd edib:
“Hesab edirəm ki, mən heç nəyə görə üzr istəməməliyəm...”
“Əgər kəndçilər öz kəndlərində qalsa, metroda daha çox yer olacaq”.
“Əgər kənd sakinləri öz yaşayış yerində qalsa, şəhərdə insanların sayı az olar...”
“Mən “metro təmiz olar” ifadəsini işlədəndə xalqın böyük hissəsini nəzərdə tuturam. Gəlin, belə bir sual verək. Onlar haradan gəlir? Regionlardan. Həddindən artıq insan yığını, əlbəttə ki, basabas və zibildir...”
“Əgər hər kəs öz şəhərində və kəndində qalsa, ölkə üzrə insanların bölüşdürülməsi bərabər olacaq”.
“Hesab etmirəm ki, kiminsə qarşısında üzr istəməliyəm”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, əməkdaşlarının fikirləri yanlışdır. Qurumda yüzlərlə işçi çalışır və qurum işçilərinin şəxsi fikirlərinə görə məsuliyyət daşımır:
“Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi hesabından yazıb. Dörd ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm.
Bütün qurumlarda olduğu kimi, bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik”.
///
“Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı rəy qalmaqala səbəb olub.
Babayevanın fikirləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Belə ki, istifadəçilərdən biri metroda sıxlığın çox olmasına diqqət çəkib.
Lalə Babayeva isə ona cavabında “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”, - sözlərini yazıb.
Qeyd edək ki, Bakıda 217 min məcburi köçkün yaşayır.
Oxu.Az