Şamaxı şəhərindəki sürüşmə sahəsində çatlar böyüyüb


Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində qeydə alınmış çatların ölçüsündə artım qeydə alınıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, ümumilikdə bu sürüşmə sahəsində təbii amillərin təsirindən aktivlik müşahidə edilir.

Ekspedisiya rəisi əlavə edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində bəzi sürüşmə sahələrində təbii amillərin təsirindən uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb. Abşeron rayonu Masazır qəsəbəsindəki Zəli gölü adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında, Nübar qəsəbəsindəki sürüşmə sahəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən sürüşmə-çökmə sahəsində aktivlik qeydə alınıb.

Ə.Qaralov qeyd edib ki, Suraxanı rayonu Zığ 1 sürüşmə sahəsində aprel ayı ərzində aparılan monitorinq nəticəsində lokal sahələrdə lokal və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Rayonun Günəşli Yaylası çökmə-oturma sahəsində prosesin dinamikasında aktivlik qeydə alınmasa da, ərazidə geoloji proseslərin aktivləşməsi istiqamətində gərginlik saxlanılmaqdadır.

Nazirlik rəsmisi qeyd edib ki, Astara rayonunun Kijəbə sürüşmə sahəsində təbii amillərin təsirindən aktivləşmə, Deqədi-Tərikeş avtomobil yolunun 5,7,8 və 10-cu kilometrliyindəki mövcud uçqun və sürüşmə sahələrində təbii və texnogen amillərin, Miki sürüşmə sahəsində təbii amillərin təsirindən prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri