Azərbaycanda “Avro-5” standartında dizel və benzinin istehsalına başlanılacağı vaxt məlum olub



Bu ilin avqust ayında “SOCAR Karbamid” zavodunda ammonyak, oktyabrda azot gübrəsinin istehsalına başlanacaq
"Xam neftin qiyməti aşağı düşdüyü halda, neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi yüksəlib. Türkiyədəki ən böyük aktivimiz olan “Petkim” Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik".

 

Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev  "Azərbaycan" qəzetində dərc olunan "Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın davamlı inkişafının təməlini qoymuşdur" başlıqlı məqaləsində yazıb.

 

R. Abdullayev qeyd edib ki, məhsullarını təxminən 40 ölkəyə ixrac edən “Petkim” 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırıb: "Holdinqin səhmlərinin dəyəri isə 8,7 dəfə yüksəlmişdir. “Petkim”i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq".

 

SOCAR prezidenti xatırladıb ki, bu ilin fevral ayında “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilmişdir. “SOCAR Karbamid” zavodunda tikinti işləri, demək olar ki, tamamlanıb və artıq sınaq-sazlama işlərinə hazırlıq gedir: "Zavodun ilk məhsulu olacaq ammonyakın istehsalı bu ilin avqust ayına planlaşdırılır. Oktyabrda isə zavodun yekun məhsulunun - azot gübrəsinin (karbamid) istehsalına başlanılacaq. “SOCAR Polymer” müəssisəsində polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavodun istismara verilməsi isə cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır. Sənayenin səmərəliliyinin artırılması məqsədi ilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) sisteminin modulları vasitəsi ilə təmin olunacaq.

Neft emalı və neft-qaz kimyasının vahid kompleksdə birləşdirilməsi və istehsal zəncirinin tamamlanması seqmentlərin qarşılıqlı fəaliyyətini təmin edir. Yeni inşa olunan zavodları xammal ilə təmin edəcək “Azərikimya” özü eyni zamanda Heydər Əliyev adına Neft Emalı Zavodunun məhsullarından istifadə edir. Buna görə də zəncirin bütün halqalarının ahəngdar işini təmin etmək üçün yeni zavodların inşası ilə paralel olaraq Heydər Əliyev adına NEZ və “Azərikimya”da yenidənqurma tədbirləri həyata keçirilir. Hazırda “Azərikimya” İB-də texnoloji qurğuların yenilənməsi üzrə işlər tam gücü ilə davam edir. Bununla yanaşı, müəssisədə yeni qurğuların və yardımçı sahələrin inşası işləri aparılır. İstehsalat Birliyi üzrə yenidənqurma işləri 2019-cu ildə başa çatdırılacaq".

 

R. Abdullayev bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri çərçivəsində ilkin emal, katalitik krekinq kimi mövcud qurğular əsaslı təmir edilərək, yenidən qurulacaq, bir sıra yeni qurğular inşa olunacaq, zavodun istehsal gücü artırılacaq: "Modernləşdirmə prosesi istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartı səviyyəsinə çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı həcminin kəmiyyət və keyfiyyətcə yüksəldilməsi, istismar xərclərinin azaldılması və s. vəzifələrlə yanaşı, “Azərikimya”nın qaz xammalı - propan-propilen, butan-butilen fraksiyaları kimi quru qazlarla daha etibarlı təminatını nəzərdə tutur. Artıq NEZ-in modernizasiyası üzrə ilkin detallı layihələndirmə işləri başa çatdırılıb və keçirilən tenderin nəticələrinə uyğun olaraq, növbəti mərhələnin - Layihələndirmə, Satınalma və Tikinti mərhələsi çərçivəsində yeni qurğuların tikintisi ilə bağlı bu ilin fevralında Maire Tecnimont şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisi nəzərdə tutulur. Mövcud qurğuların və ümumzavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında keçirdiyimiz digər tenderin qalibi olan Tecnicas Reunidas şirkətinə həvalə olunub. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. İlk mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək. Sonrakı mərhələ üzrə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri başa çatdırılacaqdır. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcəkdir. Modernizasiya nəticəsində zavodda istehsal həcmini ildə 7,5-8 milyon tona çatdırmaq mümkün olacaqdır. Beləliklə, aparılan rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcəkdir. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı və Sumqayıt şəhərində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması gözlənilir".




APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri