Ölkə ərazisində 250 daş karxanasının fəaliyyəti dayandırılıb


Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının monitorinqini aparıb.

 

Komitədən APA-ya verilən məlumata görə, nəticədə respublika üzrə 585 daş və qum-çınqıl karxanalarının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb. Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti  dayandırılıb.

 

Hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

 

 Hazırda, 42 karxanada araşdırmalar davam etdirilir. Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib.

 

Monitorinqlər zamanı qeyri-qanuni fəaliyyət göstərən karxanalar tərəfindən korlanmış torpaqlar əsasən dövlət mülkiyyətinə aid çay yataqlarında, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı və vətəndaşların  özəl pay torpaqlarına aiddir.

 

Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.

 

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsində mayın 12-də daha çox qanunsuz daş karxanaları fəaliyyət göstərən rayonların icra hakimiyyəti başçılarının müavinləri ilə toplantı keçirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri