Bakının yeni Baş planı hazırdır. Bu planda 2035-ci ilədək inkişaf nəzərə alınıb. Bakının indiyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Prosesə beynəlxalq ekspertlər də qoşulub.
LİVE.az-ın Xəzərxəbər-ə istinadən verdiyi məlumata görə, 2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən “Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.
Bu barədə danışan komitənin aparat rəhbəri Anar Quliyev öncəki illərdən yarımçıq qalan məqamların yeni baş planda tamamlandığını bildirib.
Anar Quliyev hazırkı mərhələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Baş Plan” layihəsinin qiymətləndirilməsi və son illərdə reallaşdırılmış şəhərsalma layihələri ilə əlaqədar aktuallaşdırılmasının vacib olduğunu vurğulayıb. Baş planın mükəmməl olması üçün prosesə xeyli təcrübəli ekspert qrupları da cəlb olunub.
Onu da qeyd edək ki, “Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb. Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək olan dövrü əhatə etməlidir. Bu sayca Bakının 5-ci baş planıdır.