Cavid Qurbanov: "Batumi, İstanbul və Ankaraya qatarların işləməsi üçün danışıqlar aparılır"


“Azərbaycan Dəmir Yolları” QSC-də “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka və İtaliyanın “Mercitalia İntermodal” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

QSC-dən APA-ya bildirilib ki, "Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars,  Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”,  Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib: "Gürcüstanlı və türkiyəli həmkarlarımızla məsləhətləşmələr aparırıq ki, gələcəkdə Batumiyə, eləcə də İstanbula və Ankaraya qatarların işləməsini təmin edək. Bu, iqtisadi münasibətlərin möhkəmlənməsi çox əhəmiyyətli olardı".


 

Görüş iştirakçıları hər iki şirkətin təqdimatlarına baxıblar. Sonra potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar- qiymət, tranzitin vaxtı, kontraktlar və bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib. Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.

 


“İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka bildirib ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün potensial imkanları çoxdur.

 

Sonda anlaşma memorandumu imzalanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri