Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub


Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub.
 
APA-nın məlumatına görə, seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.
 
Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.
 
Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə  tamamilə prezident üsul-idarəsinə keçib.
 
Parlament mandatı  uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı”  53,6% səslə  qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı  seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.
 
Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra  keçirilən ilk seçkidə AKP  məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə  məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın   (10.07-45 mandat)  qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.



///

24/06

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

 
Prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş mübarizə aparacaqlar.
 
R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.
 
Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası,  Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılır.
 
Türkiyədəki 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir. Bu seçicilərin 56,3 milyonu Türkiyədə, qalanı isə xarici ölkələrdə yaşayır. Bundan əvvəl xaricdəki seçicilər üçün səsvermə prosesi başa çatıb, bülletenlər Türkiyəyə gətirilib.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri