Böyük Britaniyanın Eymsberi şəhərində bir qadın və bir kişi “Noviçok'' maddəsindən zəhərləniblər''.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotlend-Yardın məlumatında bildirilir.
Bununla belə polis Solsberi və Eymsberidə eyni mənbədən olan “Noviçok'' maddəsindən istifadə olunduğunu təsdiqləməyib. Skotlend-Yarddan həmçinin bildiriblər ki, zəhərlənənənlərin Skripallar ilə əlaqəli olduğu barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) mart ayında Solsberi şəhərində “Noviçok” adlı kimyəvi maddədən istifadə edildiyini təsdiqləyib.
***
Böyük Britaniyanın Eymsberi şəhərində naməlum maddədən zəhərlənən 2 nəfərin vəziyyəti ağırdır.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis rəsmisi məlumat verib.
“Mənşəyi bilinməyən maddədən zəhərlənən iki Eymsberi şəhər sakini, 44 yaşlı qadın və 45 yaşlı kişinin müalicəsi davam etdirilir. Onların vəziyyəti ağır olaraq qalır”, məlumatda deyilir.
Faktla bağlı polisin terrora qarşı bölməsi araşdırma aparır.
Qeyd edək ki, ötən gün Eymsberi şəhərində iki nəfər naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərində küçədə huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında xəstəxanadan buraxılıb.