Azərbaycanda yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasının hansı formada keçiriləcəyi müəyyən edilib.
Bununla bağlı tələblər və şərtlər Milli Məclisdə I oxunuşda qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən həyata keçiriləcək.
Şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək. Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirəcək.
İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək.
Tələblərə əsasən, həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ekspert kimi fəaliyyət göstərə bilməz.
Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən təşkil olunur. İnformasiya məhsulunun ekspertizasının aparılma müddəti otuz gündən çox ola bilməz.
Ekspert rəyi ilə razı olmayan hüquqi və ya fiziki şəxs həmin rəydən müvafiq icra hakimiyyəti orqanının yaratdığı, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurasına şikayət edə bilərlər.
Layihəyə əsasən, müvafiq dövlət orqanlarının təşəbbüsü ilə aparılan ekspertiza üzrə ekspert rəyi yol verilmiş pozuntu hallarının təxirə salınmadan aradan qaldırılması barədə həmin orqan tərəfindən pozuntu törədən şəxsə yazılı xəbərdarlıq edilməsi üçün əsasdır. İnformasiya məhsulunun istehsalçısı və (və ya) yayıcısı xəbərdarlıqda göstərilən müddətdə pozuntu hallarını aradan qaldırmadıqda müvafiq dövlət orqanları informasiya məhsulunun uşaqlar arasında yayılmasının qarşısının alınması və bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görəcək.
Qeyd edək ki, layihəyə əsasən, informasiya məhsulları dedikdə ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları başa düşülür.
Trend