"AzerGold”: Azərbaycanda yerin təkində olan qiymətli metalların ümumi dəyəri 150 milyard manatdan artıqdır




“2021-ci ildə hasilata başlanması nəzərdə tutulan Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır”.

 

Bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “AzerGold” QSC-nin sədri Zakir İbrahimov deyib. Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 milyon manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub: ”Əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır”.

 

Z.İbrahimov qeyd edib ki, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır: “Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcəkdir. Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır”.

 

“AzerGold” sədri əlavə edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Onun sözlərinə görə, buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb.

 

Bundan başqa, ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır. Belə ki, bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən Ağyoxuş perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib. Hazırda nəzərdə tutulan işlərin davamlılığını və vaxtında həyata keçirilməsini təmin etmək üçün maliyyələşmə mənbələri, o cümlədən potensial investorlar və strateji partnyorlarla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

 

Z.İbrahimov qeyd edib ki, hazırda Cəmiyyətin fəaliyyətinin təşkili üçün 600-dən çox iş yeri yaradılıb. Bunlardan 286-sı daimi iş yeridir. İşçilərin yerli və xarici təlimlərdə iştirakı təmin edilir. Hazırda tədqiqat mərhələsində olan yeni layihələrin icrası və istismara verilməsi əlavə çoxsaylı yeni iş yerlərinin yaradılmasına səbəb olacaq.

 

“Azərbaycan zəngin ölkədir və ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 milyard manatdan artıq təşkil edir. Biz inanırıq ki, Sizin rəhbərliyiniz ilə bu sərvətlərdən səmərəli istifadə insan kapitalının daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatın güclənməsi və xalqın rifahının yaxşılaşmasına xidmət edəcək”, - deyə Z.İbrahimov vurğulayıb.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri