ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə açıqlama yayıblar
- 14.07.2013, 02:10,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu ilin iyun və iyul aylarında Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində bir sıra görüşlər təşkil ediblər”. APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən yayılan birgə açıqlamada deyilir.
Açıqlamada bildirilir ki, həmsədrlər iyunun 6-da Londonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, iyunun 28-də isə Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər: “Həmsədrlər və nazirlər sülh prosesinin mahiyyəti üzrə danışıqları davam etdiriblər, tərəflər arasında gərginliyin azaldılması üçün səylərin davam etdirməsi və cari ildə yüksək səviyyədə görüş üçün şəraitin yaradılması məsələlərini diqqətdə saxlayıblar. İyulun 12-də Vyanada həmsədrlərlə birgə baş tutan görüşdə isə iki ölkənin xarici işlər nazirləri bu məqsədlərə çatmaq üçün üzərlərinə götürdükləri öhdəliklərini təsdiqləyiblər və yaxın aylarda keçirilməsi nəzərdə tutulan danışıqların planını müzakirə ediblər. Bu gün həmsədrlər ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin səfirlərinə görüşlərin nəticələri barədə məlumat veriblər. Həmsədrlər gələcək addımların müəyyən edilməsi üçün tərəflərlə sıx əməkdaşlıq edəcəklər”.