Azərbaycanda hər bir yeni doğulan uşaq üçün gələcəkdə iş yeri olmalıdır və kənd təsərrüfatını genişləndirməklə buna nail olacağıq.
Trend-in məlumatına görə, bunu Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Şadam ki, Şamaxı rayonunda üzümçülük geniş vüsət alıb. Gözəl üzüm bağları salınıb, vətəndaşlar işlə təmin olunub. Yəni ölkəmizdə kənd təsərrüfatı ilə bağlı aparılan siyasət, bax, bu yeni salınan üzüm bağlarında özünü göstərir. Bu, məni çox sevindirir. Çünki Şamaxı rayonu ənənəvi üzümçülük diyarıdır. Burada üzümçülüyün çox böyük ənənələri var. Sovet dövründə də ulu öndər Heydər Əliyev dəfələrlə Şamaxı rayonunda olmuşdur, üzümçülüklə bağlı lazımi tapşırıqlar, göstərişlər vermişdir. O vaxt Azərbaycanda iki milyon ton üzüm yığılırdı. Ondan sonra əfsuslar olsun ki, üzüm bağları qırıldı və üzümçülüyü biz, demək olar, itirirdik. İndi isə bərpa edirik. Bu, Şamaxı rayonunda birinci üzüm təsərrüfatı deyil. Keçən il mən Şamaxıda olarkən böyük üzüm bağlarında aparılan işlərlə tanış olmuşam. Bu gün şərab zavodunun fəaliyyətə başlaması, üzüm bağlarının salınması, əlbəttə ki, çox əlamətdar hadisədir".
İlham Əliyev bildirib ki, Azərbaycanda üzümçülüyün çox gözəl gələcəyi var: "Şamaxı rayonu Azərbaycanda üzümçülük mərkəzi olmalıdır. Necə ki, ta qədim zamanlardan belə olub, indi biz Şamaxının üzümçülük şöhrətini bərpa edirik.
Çox gözəl şərab zavodu istifadəyə verilib. Fransız texnologiyaları ilə işləyən zavoddur. Burada ən müasir avadanlıq quraşdırılıb, burada istehsal olunan ixracyönümlü şərablar Azərbaycanın ixrac potensialını artıracaq. Biz indi müxtəlif ölkələrdə Azərbaycan şərab evlərini yaradırıq. Burada istehsal olunan şərablar ölkəmizə xeyir gətirəcək".
Prezident vurğulayıb ki, üzümçülük əmək tutumlu kənd təsərrüfatı sahəsidir: "Mənə verilən məlumata görə, burada 300 hektarda salınmış üzüm bağlarında 200-ə yaxın insan işlə təmin olunub. Bu kəndin sakinləridir. Mənə verilən məlumata görə, bu kənddə işsizliklə də bağlı problemlər aradan götürülüb. Bizim əsas məqsədimiz də odur ki, iş yerləri yaradılsın, insanlara yaxşı maaş verilsin. Hər bir vətəndaş halal zəhməti ilə öz həyatını qursun, ailəsini saxlasın və firavan yaşasın. Üzümçülük çox gəlirli sahədir və mənə verilən məlumata görə, burada işləyənlərin əməkhaqları da kifayət qədər yaxşı səviyyədədir. Bu təsərrüfat genişləndikcə daha çox işçi qüvvəsi lazım olacaq, daha çox əməkhaqqı veriləcək. Beləliklə, Şamaxı nəinki Azərbaycanın, regionun önəmli üzümçülük mərkəzlərinin birinə çevriləcəkdir.
Bütövlükdə Şamaxı rayonunun inkişafı ilə bağlı mənim tərəfimdən bir çox sərəncamlar verilmişdir. Mən Şamaxı rayonunda tez-tez oluram, keçən il də olmuşam. Bu, Prezident kimi mənim Şamaxıya yeddinci səfərimdir. Rayonun sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülüb. Keçən il Şamaxı şəhərində içməli su layihəsinin açılışını qeyd etdik. Bu məsələ öz həllini tapdı. Ev təsərrüfatlarının 95 faizi qazlaşdırılıb. Qazlaşdırılmayan təsərrüfatlar da yaxın zamanlarda qazla təmin ediləcək. Elektrik enerjisi ilə bağlı problemlər həll olunur. Kənd yolları salınır. Növbəti Sərəncam yaxın günlərdə imzalanacaq. Keçən dəfə Şamaxıda olarkən biz böyük kənd yolunun açılışını qeyd etdik".
Dövlət başçısı xatırladıb ki, Şamaxı rayonunda diaqnostika mərkəzi, mərkəzi rayon xəstəxanası, olimpiya kompleksi, mədəniyyət mərkəzi, 40-dan çox məktəb tikilib, təmir edilib: "Nəinki Azərbaycanın, bütün İslam aləminin önəmli məbədi olan Şamaxı Cümə məscidi mənim təşəbbüsümlə əsaslı şəkildə təmir edilib. Demək olar ki, yenidən qurulub. Bu məscid 743-cü ildə tikilib və bizim milli sərvətimizdir. Bütün İslam aləminin sərvətidir və mən beynəlxalq tədbirlərdə dəfələrlə bu barədə məlumatlar vermişəm.
Keçən dəfə burada olarkən Dəmirçi kənd məscidinin təmirdən sonra açılışını qeyd etdik. İndi Şamaxıdan Lahıca, Dəmirçi kəndinə yol açılır. Biz keçən il bu yolu açdıq, indi Dəmirçidən Lahıca açacağıq. Yəni, o, turizm marşrutudur. İndi Lahıca getmək üçün Bakıdan gələnlər daha çox Şamaxı üzərindən gedəcəklər və beləliklə, gələcəklər, istirahət edəcəklər, bu bağlara baxacaqlar, zavoda gedəcəklər. Şamaxıda otellər tikilib. Yəni Şamaxı Azərbaycanın ən inkişaf etmiş rayonlarından biridir. Bu da təbiidir, çünki Şamaxının çox qədim tarixi var. Ta qədim xəritələrdə Şamaxının adı var. Qədim mədəniyyət, incəsənət mərkəzidir. Azərbaycanın çox dəyərli diyarıdır. Mən şadam ki, görülən işlər öz nəticəsini verir.
Baxın, Bakı-Şamaxı yolu indi genişləndirilir. İlk mərhələdə gözəl yol saldıq. Çünki əvvəlki yol bərbad vəziyyətdə idi. Sonra göstəriş verdim ki, dördzolaqlı yol olsun. İndi də onun böyük hissəsi artıq istifadəyə verilib. Bütün bunlar böyük maliyyə tələb edir. Dövlət tərəfindən vəsait qoyulur. Bax, bu gün məktəbin açılışı özlüyündə böyük bir hadisədir. Meysəri kəndində gözəl məktəb açılıb. İnfrastruktur layihələri, kənd təsərrüfatı, aqroparklar. İndi 42 min hektarda – Şamaxı və Hacıqabul rayonlarının ərazisində böyük taxılçılıq təsərrüfatı yaradılıb. 42 min hektarda. Orada nə qədər insan işləyir. İndi yeni sahələr dövriyyəyə buraxılır. Ona görə, bax, bu işlərdə bizim siyasətimiz özünü göstərir. Mən bu gözəl təsərrüfatın yaradılması münasibətilə sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Yaxşı işləyin ki, işiniz yaxşı getsin və xalqımız daha da yaxşı yaşasın. Təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".
İlham Əliyev bildirib ki, indi yeni bağlar salınacaq, əkin sahələri böyüyəcək, yəni, burada iş çox olacaq: "Azərbaycanda əhali artır və hər bir yeni doğulan uşaq üçün gələcəkdə iş yeri olmalıdır və kənd təsərrüfatını belə genişləndirməklə biz buna nail olacağıq.
Əlbəttə ki, Şamaxının, - mən qeyd etdim, bir daha demək istəyirəm, - çox böyük turizm potensialı var. Şamaxının qədim abidələri, eyni zamanda, təbiəti, havası və belə gözəl məkanları turistləri cəlb edir. Çünki bu, eyni zamanda, turizm mərkəzi olacaq. Çünki oradakı şərab evi, mağaza, kiçik olsa da istirahət zonası turistləri cəlb edəcək, xüsusilə də xarici turistləri. Beləliklə, gələcəklər, pul xərcləyəcəklər, kəndçilərdən məhsul alacaqlar. Beləliklə, işlər daha da yaxşı gedəcəkdir".