Successful Azerbaijani Women: Uğur sirrləri ilə Lalə Məmmədova bölüşüb



Bu gündən yeni olan S.A.W. (Succesful Azerbaijani Women) proyektini səhifəmizdə təqdim edəciyik.


Bu proyekt çərçivəsində, azərbaycanlı və Azərbaycanda yaşayan qadınlar özlərinin "var olmaq" təcrübələrini bölüşür.


Bu proyektin qonaqları müxtəlif fəaliyyət sferalarından, müxtəlif sosial statusdan olsalar da, hər biri individualdır, hər biri özünə görə gözəldir və onların sizlərlə bölüşmək istədiyi şeylər vardır...


Layihənin müəlifi gənc Nərminə Tayizdir.


///




S.A.W.-ın qonağı populyar müğənni Lalə Məmmədova olub və öz fikirləri ilə bölüşüb


Lalə Məmmədova - milli şou-biznesinin efirə çıxdığı ilk gündən bəyəndiyim azsaylı ifaçılarındandır. Bu gün o - iki gözəl qız övladının anası, Azərbaycanın əməkdar artisti və fəlsəfə elmləri namizədidir.


Layihədə iştirak etmək üçün xahişə dərhal cavab versə də,uzun müddət gözləməli oldum.Əvvəlcə, Yaşıl Teatrda konsert, sonra Amerikada
keçirlmiş konsert və nəhayət o gün gəlib çatdı.


Ünsiyyətdə mehriban və sadə Lalə xanım, az öncəki Çikaqo və daha əvvəllər getdiyi Nyu York səfərinin təəssüratları ilə paylaşdı. İnkişafından və uğura gedən yolun çətinliklərindən danışdı. Və ən əsası öz qızlarının timsalında Azərbaycan qadını haqqında keçirdiyi narahatlıqlardan danışdı.

///

 


"Mənim iki ali təhsilim var. Birinci təhsilimə əsasən ingilis dili və ədəbiyyatı üzrə fəlsəfə elmləri namizədiyəm; ikinci ali təhsilimi Milli Konservatoriyada rəhmətlik Ağaxan Abdullayevin sinfində almışam.

Mən pedaqoqlar ailəsində böyümüşəm. Mənim babam, atam, bacılarım... Oxumağı hər zaman sevmişəm. Uşaqlıqdan müxtəlif proqramlarda çıxış etmişəm. Lakin, daxil olma zamanı çatdıqda, sənədləri Konservatoriyaya vermək haqqında söhbət belə gedə bilməzdi.Mənə oxumağa bir şərtlə icazə verdilər ki, "ciddi" təhsil alacağam.

Mənim bacılarım hüquq və şərqşünaslıq fakultələrinə daxil olub, açıqcası xarici dil fakultəsinə daxil olmam valideynlərmi bir qədər məyus etdi. Mən isə, oxumağa icazə vermələri üçün daxil oldum. Etiraf etməliyəm ki, indinin özündə anam məni müğənni kimi deyil, pedaqoq kimi görür.Lakin, mən onlara minnətdaram. Karyeramda bu mənə çox kömək etdi.Elementar olaraq, tez-tez qastrol səfərlərində oluram və mənim üçün dil baryeri yoxdur. Ən əsası, Konservatoriyada xarici dil fakultəsi açıldıqda məni oraya dərs deməyə dəvət etdilər.Proqramla tanış olduqdan sonra qərara gəldim ki, fakultədə təhsil alan uşaqlara uyğun deyil.Proqramı yenidən tərtib etdim, bu zaman musiqiçilərin maraqlarına əsaslanaraq danışıq dilinin inkişafına üstunluk vermələrinə diqqət etdim ki, gələcəkdə onlar öz sahələri üzrə danışıq dilini istifadə edə bilsinlər.

Artıq 16 ildir ki, o proqram əsasında tədris aparılır. Valideynlərimin təkidi ilə, müdafiə etdim və elmlər namizədi oldum.

Nə qədər kədərli olsa da, qadının məsuliyyətinin kişidən çox olduğu ölkədə yaşayırıq.Hər kəs və hər şey üçün məsuliyyət. Hətta boşanma zamanı cəmiyyət qadını günahkar bilir. Bizim qadınlar, oğlan uşaqlarını onların hər bir istəyini yerinə yetirməklə böyüdür. Bu onunla nəticələnir ki, onlar belə hesab edir ki, bütün qadınlar onlara borcludur.

Qadın hər zaman kim üçünsə və nə üçünsə etməyə məcburdur. Bizim belə müstəqilliyimiz yoxdur.

Ətrafınıza baxın, nə qədər cəmiyyətin özəyi olan ailələr gəlin və bəyin öz istəyi ilə deyil, onlarınvalideynlərinin istəyi ilə qurulur. Bəs, neçə qadın "nə üçün uşağı yoxdur?" və ya "ikinci nə vaxtdır?" sualı ilə qarşı-qarşıya qalıb? Heç kim düşünmür ki, bu qədər özəl sualı vermək etik deyil. Boşanmadan sonra isə, bütün yük, tərbiyə və uşaqların boya-başa çatdırılması qadının çiyinlərində qalır.Kişi isə bu müddət yeni ailə qurur və hətta öncəki övladlarını unudur. Bütün problemlərdə cəmiyyət qadını günahkar bilir, halbuki məsuliyyət hər ikisinə bərabər aiddir.

Lakin, qadın həqiqətən də günahkardır.Günahkardır ona görə ki, kökündə yanlışlıq olan belə bir cəmiyyəti tərbiyə edir.Biz özvladlarımızı doğru tərbiyə etməyi öyrənməliyik!Oğlan uşaqlarına, qızlar kimi,məsuliyyəti öz üzərinə götürməyi öyrətməliyik! Qızlarımıza özünü müdafiə etməyi və öz ayaqları üzərində cəmiyyətin fikrindən asılı olmadan dayanmağı öyrətməliyik. Nigah yalnız sevgi üzərində qurulmalıdır, o zaman ki, hər iki tərəf öz seçimində əmindir, o zaman ki, tərəflər bir-birlərinin həm mənfi, həm müsbət cəhətlərini qəbul edir.

Biz nigahdan sonra, dərhal "nəvə" tələb etməməliyik, çünki bu böyük məsuliyyətdir.

Bu gün mən uğurun müəyyən pilləsində dayanmışam. Bəlkə, bəziləri buna yuxarıdan aşağı baxır, digərləri üçün isə bu həqiqətən zirvədir. Lakin, mənim uğurum -mənimlə olmuş və olan insanları unutmamağımdır.

Mənim üçün məşhurluq heç bir zaman üstünlük olamyıb yeri gəldi gəlmədi ətafımda hər kəsin önündə lovğalanım.Mənim bəxtim gətirdi ki, ulduz xəstəliyinə tutulmadım, bunun özü də uğurdur mənim üçün.Buna baxmayaraq, heç kimsəyə keçməyə icazə vermədiyim, özümün belə keçməyəcəyim sərhədlərim vardır.

 

Mən heç bir zaman çətinliklərdən qorxmamışam. Uğur və uğursuzluqlar- bütün bunlar hamısı mənim üçün təcrübədir.İstəklərimə əsaslanaraq yolumu seçirəm. Hər zaman intuisiyamı dinləyirəm, bəlkə də balıq bürcü olduğumdan. O heç bir zaman məni yanıltmır.Əlbətdə, həyatımda hadisələrə əsaslandığım vaxtlar da olur. V.İ.Leninin bir fikrini heç bir zaman unutmuram: "Bu gün ola bilsin ki, tezdir, lakin sabah artıq gec ola bilər."

Boşluğa düşəndə qadın ən böyük səhvlərə yol verir.Düşünmədən, müsbət və mənfiləri ölçüb-biçmədən, qadın üçün nəyin vacib olduğunu dərk etmədən kardinal qərarlar vermək olmaz. Qadın həyatını elə qurmalıdır ki, özü bundan həzz alsın! Hər şey olmalı olduğu kimi olacaq, yetər ki, həyatdan nə istədiyinizi bilsiniz!Məhz, gözlərinizi xöşbxətlikdən parıldadan nədir!

Unutmayın qadın üçün ən böyük uğur - layiqli tərbiyə edilmiş övladdır. Bu onun özündən sonra qoyduğu izdir."
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri