Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:
- Mən sizi salamlayıram. Çox şadam ki, Lahıc qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gəlim. Amma Prezident kimi ilk səfərimdir. Əvvəllər dəfələrlə olmuşam, siz də bunu yaxşı bilirsiniz. İstəyirdim əliboş gəlməyim. Ona görə bir az vaxt apardı. Ancaq bu səfər ərəfəsində Lahıc qəsəbəsində çox önəmli hadisələr baş vermişdir. Birincisi, biz bu gün Dəmirçi-Lahıc avtomobil yolunun açılışını qeyd etdik. Bu, hesab edirəm ki, tarixi bir layihədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir. Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat bir yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür.
Keçən il mən Dəmirçi kəndində olarkən, kəndin inkişafı ilə bağlı göstərişlər vermişəm. Bu gün orada tarix muzeyinin açılışını qeyd etdik. Dəmirçi kəndi də Lahıc qəsəbəsi ilə tarixən bağlı olan bir kənddir. Ona görə indi gediş-gəliş də çox rahat olacaq.
Lahıc qəsəbəsinin təhsil məsələlərinin həlli də diqqət mərkəzindədir. Bilirəm, belə təkliflər də olubdur ki, yeni məktəb tikilsin. Keçən il Sərəncam verildi və bu gün biz bu məktəbin açılışını etdik. Gözəl, 400 şagird yerlik məktəbdir. Hazırda burada təxminən 200-dən çox şagird oxuyur. Amma gələcəkdə əhali artacaq, uşaqların sayı artacaq. Elə məktəb tikmişik ki, gələcəkdə də Lahıc qəsəbəsinin ehtiyacını tam ödəsin.
Əlbəttə ki, Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir. Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik. İndi biz təbii qazın verilməsini sizinlə birlikdə qeyd edəcəyik.
Yəni, bir daha demək istəyirəm, mən bu gün gəlmişəm ki, bu tədbirlərdə iştirak edim və sizinlə görüşüm. Şadam ki, Lahıc sakinlərinin xahişləri tam yerinə yetirilib. Əgər əlavə xahişlər olarsa, siz mənə deyin, biz onları da həll edərik ki, bu tarixi, qədim qəsəbə öz inkişafını bundan sonra da təmin etsin.
Lahıc tarixi bir yerdir, qədim yaşayış diyarıdır. Burada yaşayan insanlar çox istedadlı insanlardır. Sizin misgərlik sənətiniz, digər sahələrdə fəaliyyətiniz lahıclıların nə qədər istedadlı olduğunu göstərir. Eyni zamanda, Lahıcdan bir çox görkəmli şəxsiyyətlər olub, bu gün də var - alimlər, ziyalılar, ictimai xadimlər. Yəni, Lahıc çox dəyərli insanlar yetişdirib. Hesab edirəm ki, təhsil məsələsində də siz ön sıralardasınız. Mənə indi məlumat verildi ki, Lahıc məktəbini bitirən şagirdlər Azərbaycanın ali məktəblərinə yüksək ballarla daxil olurlar. Yəni, bu, onu göstərir ki, qəsəbənin çox dərin kökləri var, mədəniyyəti var. Bu mədəniyyət özünü göstərir. Çünki Lahıc nəinki Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur.
İndi Lahıcın memarlığı, küçələri, binaları özlüyündə bir milli sərvətdir. Burada işləyən, yaşayan insanların əl işləri də, əlbəttə ki, bu qəsəbəni dünya səviyyəsində təqdim edir. Təsadüfi deyil ki, dünyanın aparıcı televiziya kanallarında Lahıcla bağlı verilişlər gedib və bu gün də gedir. Həm “Euronews”, həm başqa aparıcı televiziya kanallarında, qonşu ölkələrin kanallarında indi çox gözəl reportajlar verilir. Bu da Azərbaycanın şöhrətini daha da artırır və Lahıca gələcək turistlərin sayını da artırır.
Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. Mənə verilən məlumata görə, Lahıcda otellər tikilir, bir otel indi məktəbin önündə inşa edilir. Mən bunu da alqışlayıram. Nə qədər çox turist gəlsə, ölkəmizə o qədər də çox pul gələcək. Bax, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir. Mən istəyirəm ki, hər bir yerdə, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin, dolanışıq yaxşı olsun. Ona görə biz bütün lazımi infrastruktur layihələrini icra edirik, o cümlədən İsmayıllı rayonunda. Mən dünən İsmayıllı rayonunun bəzi obyektlərinin açılışında olmuşam. Həm yeni heyvandarlıq kompleksi, aqropark, yarımstansiya, yollar – bütün bunlar İsmayıllı rayonunun inkişafına xidmət göstərir. İsmayıllı rayonunda qazlaşdırmanın səviyyəsi 75 faizdir. Biz içməli su layihəsini icra etmişik, İsmayıllı şəhərinin içməli su problemi həll olunub. Bir çox kənd yolları salınıb. Dünən istifadəyə verdiyimiz yarımstansiya nəinki İsmayıllı rayonuna, qonşu rayonlara da enerji ötürür. İndi yarımstansiya ancaq 40 faiz gücü ilə işləyir. Yəni, İsmayıllı rayonunun gələcək inkişafı üçün bizdə indi bütün enerji təsərrüfatı mövcuddur.
Dünən mən xalçaçılıq fabrikinin açılışında iştirak etmişəm. Orada 150 qadın işlə təmin olunub, xalçaçılıq sənətini yaşadır, yaxşı maaş alır. Yəni, bu gün Azərbaycan reallıqları budur. Ən ucqar yerdə infrastruktur yaradılır, təhsil müəssisələri tikilir, yollar, qaz xətləri çəkilir ki, insanlar rahat yaşasınlar. Əminəm ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların - həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq.
Mən şadam ki, bu gün sizinlə birlikdəyəm. Mən lahıclılarla müxtəlif sərgilərdə dəfələrlə görüşmüşəm - Bakıda, Mehriban xanımın xətti ilə Heydər Əliyev Fondunun tədbirlərində, xarici ölkələrdə lahıclılar öz sənətini nümayiş etdirirlər. Hər dəfə də onlar məni dəvət edirdilər, mən də hər dəfə deyirdim ki, gələcəyəm. Amma bir daha demək istəyirəm, istəyirdim ki, əliboş gəlməyim. Sizi bir daha təbrik edirəm.
Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim Hikmət Haqverdili dövlətimizin başçısına minnətdarlığını çatdıraraq dedi:
- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, Lahıca xoş gəlmisiniz. Sizi bütün lahıclılar adından salamlayıram. Bu əziz günlərdə bizimlə bir yerdə olduğunuza görə Sizə və Mehriban xanıma öz minnətdarlığımızı bildiririk. Bu gün Lahıcda möcüzələr baş verir. Lahıc və lahıclılar üç böyük tarixi hadisəni yaşayırlar. İlk növbədə, qazlaşdırmadan danışmaq istəyirəm. Bizim ağlımıza gəlməzdi ki, nə vaxtsa Lahıcda qaz olacaq. Bu gün Lahıca və ona bitişik dörd kəndə qaz verildi. Bu, Sizin insanlara qayğınızın, dövlətimizin artan qüdrətinin bariz təcəssümüdür. Bundan sonra insanlarımız evlərində mavi qazla isinəcək, evlərə rahatlıq gələcək.
Mübaliğəsiz deyə bilərəm ki, Siz və Mehriban xanım insanlığın, xeyirxahlığın, vətənə və milli dövlətçiliyə xidmətin bariz nümunəsisiniz. Biz hamımız Sizin səfərlərinizi, görüşlərinizi diqqətlə izləyirik. Siz ötən il Dəmirçi kəndində səfərdə olarkən qeyd etdiniz ki, həmin kəndin sakinlərinin Lahıcda qohumları yaşayır, buradan Lahıca qədər yol çəkiləcək. Bu gün artıq bu yol çəkilib. Bu yolda addımlayan hər kəs hər addımda Sizə dualar edəcək.
Məktəb binası 1928-ci ildə tikilmişdi. Doxsan ildən sonra Lahıcda müasir tələblərə cavab verən yeni məktəb tikildi. Mən bir məktəb direktoru kimi deyə bilərəm ki, Lahıc məktəbinin şöhrəti çox böyükdür. Bu şöhrət bundan sonra da artacaq. Məktəbə ayaq qoyan hər bir şəxs dövlətimizin, öz Prezidentinin qayğısını həmişə hiss edəcək və onlar dövlətimizə həmişə sədaqətli vətəndaşlar olacaqlar.
Möhtərəm Prezident, Mehriban xanım, Sizin sayənizdə Lahıc beynəlxalq aləmə çıxıb. Lahıc misgərlik sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsini biz lahıclılar Mehriban xanımın müstəsna xidməti kimi dəyərləndiririk. Lahıc sənətkarları, bütün lahıclılar adından Sizə minnətdarlığımı bildirirəm. Mehriban xanım, Sizi ad gününüz münasibətilə bütün lahıclılar adından təbrik edirik. Siz insanlara daim sevinc, xoşbəxtlik bəxş edirsiniz. Biz Sizin fəaliyyətinizi daim izləyirik. Siz həmişə xeyirxah işlərdə, xeyirxah tədbirlərdə iştirak edirsiniz. Bu Sizi fərqləndirən cəhətlərdəndir. Siz bu əziz gündə - ad gününüzdə biz lahıclılarla bir yerdəsiniz. Bu, Sizin böyüklüyünüzü, insanlara bağlılığınızı göstərir.
Möhtərəm Prezident, Sizin və Mehriban xanımın siyasəti nəticəsində Azərbaycan bütün dünyaya işıq saçır. Biz fəxr edirik ki, belə bir ölkənin vətəndaşıyıq. Biz fəxr edirik ki, Sizin kimi qüdrətli, xalqını sevən, vətəninə, kökünə bağlı olan rəhbərlərimiz var. Sizi, Mehriban xanımı, ailənizin hər bir üzvünü bütün lahıclılar adından səmimi qəlbdən təbrik edirəm, cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.
Qəsəbə sakini Hüseynağa Kamilzadə də Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
- Cənab Prezident, çox böyük təşəkkürümü bildirirəm ki, böyüklük etmisiniz. Biz çox çətin vəziyyətlər keçirmişik, piyada gedib-gəlirdik, balaca bir yol var idi. Mərhum atanız, - Allah ona rəhmət eləsin, - İsmayıllıda bir tədbirdə idi, mən də o tədbirin iştirakçısı idim. O vaxt oradan Lahıca gedəndə Aslanov ona demişdi ki, Siz Siyasi Büronun üzvüsünüz, oraya getmək təhlükəlidir. O, həmin iclasda yol nazirinə dedi ki, yoldaş Xələfov, sizə göstəriş verirəm, bir ildən sonra bütün nəqliyyat növləri Lahıca hərəkət etməlidir, özüm gələcəyəm. Çox diqqətli idi. Bir azdan sonra bildiyiniz kimi, böyük işlə əlaqədar Moskvaya apardılar. Həmin nazir hər həftənin altıncı günü burada olurdu. Bir neçə dəfə də bizim evimizdə qonaq olmuşdu. Söhbət edirdi ki, ulu öndər Heydər Əliyev çox diqqətli insandır. Moskvada olmağına baxmayaraq, vaxtaşırı danışanda soruşurdu ki, Lahıcın yolu nə yerdədir? İndi Sizdə onun diqqəti var. Allah ona qəni-qəni rəhmət eləsin. Bizim lahıclılar heç vaxt yaxşılığı unutmurlar. O körpüdən keçən elə bir adam olmur ki, oradan keçəndən sonra ona rəhmət oxuyub, salavat çevirməsin.
Sizin xidmətiniz isə göz qabağındadır. Çox böyük xidmətləriniz var və bu, əvəzedilməzdir. Allahdan Sizə, hörmətli Mehriban xanıma uzun ömür, cansağlığı arzu edirəm. Ən azı bundan 100 il sonra da bir yerdə yaşamağı arzulayıram.
Prezident İlham Əliyev: Bir daha demək istəyirəm ki, Lahıcın Azərbaycan tarixində xüsusi yeri var. Bugünkü müstəqil Azərbaycanı dünyada təqdim edən, öndə gedən qəsəbələrdən biridir. İndi dünya bilir ki, Lahıc kimi bir yer var, burada gözəl insanlar yaşayırlar, gözəl təbiəti var. On minlərlə insan gəlib sizinlə görüşəcək və Lahıcı tanıyacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İsmayıllı rayonuna, o cümlədən Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarında biri də ölkə ərazisinin qazlaşdırılmasıdır. Proqramdan irəli gələn vəzifələrin icrası ilə məşğul olan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu göstərici 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib.
Hazırda “Azəriqaz" İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib.
Rövnəq Abdullayev dedi:
- Cənab Prezident, 27 yaşayış məntəqəsinin qazla təmin olunmasından sonra indi 2297 qəsəbə mərkəzləşdirilmiş qazla təmin olunub.
Prezident İlham Əliyev: Qazlaşdırma bizdə neçə faizə çatıb?
Rövnəq Abdullayev: Cənab Prezident, bu proqram çərçivəsində qaz şəbəkələrinin sahəsi 10 min 500 kilometrdən 45 min 500 kilometrə çatıb. Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir.
Prezident İlham Əliyev: Amma İsmayıllı rayonunda 75 faizdir.
Rövnəq Abdullayev: Bu, rayondakı dağlara görədir.
Prezident İlham Əliyev: Ona görə mən tapşırıram, məşğul olun. Biz gərək qazlaşdırmanı artıraq. Dünən icra başçısı mənə dedi ki, yaxın günlərdə 5 kəndin qazlaşması həyata keçiriləcək.
Mirdaməd Sadıqov: Bu gün qazla təmin edilən kəndlər də daxil olmaqla.
Rövnəq Abdullayev: Cənab Prezident, 720 min abonentimiz var idi. Dövlət Proqramından sonra artıq 2 milyon 140 min abonent var.
Prezident İlham Əliyev: Üç dəfə artıb.
Rövnəq Abdullayev: Bəli. Əgər itkilər 2010-cu ildə 16-17 faiz idisə, yeni sistemlərin qurulmasından sonra itkilər azalıb və hazırda 5,5 faizə enib. Cənab Prezident, Lahıca qaz çəkildikdə biz 19 kilometr kənardan qazpaylayıcı məntəqəsindən götürmüşük. Bununla bərabər, Qaraqaya, Gəndov, Namazgah kəndləri də qazlaşdırılıb. Lahıcın daxilində ümumilikdə 39 min metr uzunluğunda boru xətti çəkilib.
Prezident İlham Əliyev: Bütün evlərə qaz çəkilib?
Rövnəq Abdullayev: Cənab Prezident, Sizin göstərişinizlə fərq qoymadan bütün evlərə, bütün obyektlərə qaz çəkilib. Relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə burada qaz çəkilişinin çətinlikləri var. Qaz xətti dağlıq ərazilərdən, qayalıqlardan keçdiyinə görə bəzən borular əllə daşınıb.
Prezident İlham Əliyev: Bu, həm texniki cəhətdən çətin işdir, həm də çox maliyyə vəsaiti tələb edir. Ancaq artıq bunu etmişik.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə təbii qazın verilməsinin rəmzi olan məşəli alovlandırdılar.
Daha sonra dövlətimizin başçısı və birinci xanım Lahıc icma evində yaradılan şəraitlə tanış oldular.
Qəsəbə sakini misgər Nəzər Əliyev dedi: Cənab Prezident, Sizə son dərəcə minnətdarıq. Bizim üçün yaratdığınız bu şəraitə, bizə yaşatdığınız sevincə görə bütün sakinlərimiz adından Sizə minnətdarlığımızı bildiririk. Bu il nəvəm Fərrux məktəbə gedəcək, o gözəl məktəbə görə də çox sağ olun. Sizə dünyalar qədər təşəkkür edirik. Sizin gəlişinizə çox sevinirik.
Qeyd edək ki, rayon mərkəzindən 36 kilometr məsafədə yerləşən Lahıcda əhalinin əsas məşğuliyyəti sənətkarlıqdır. Qəsəbə icmasının təklifi ilə Azərbaycan kənd investisiya layihəsi çərçivəsində qəsəbədə ümumi sahəsi 428 kvadratmetr olan icma evi tikilib. Burada sənətkarlara yaradıcılıqla məşğul olmaqla yanaşı, öz əsərlərini satmaq üçün də şərait yaradılıb.
Kənd investisiya layihəsinin üstünlükləri kənd icmalarının infrastruktur problemlərini həll etməklə məhdudlaşmır. Layihə icma üzvlərinin müasir biznes fəaliyyəti üçün vacib olan birgə fəaliyyət, layihələrin və biznes planların hazırlanması bacarıqlarına yiyələnmələrinə şərait yaradır.
Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə müşahidə olunan inkişaf bölgələrimizin, hər bir kəndin, qəsəbənin simasında hiss olunur. Bu gün İsmayıllıda həyata keçirilən layihələr öz tarixi ilə öyünən Lahıc qəsəbəsini də əhatə edib. Çünki Girdiman çayı sahilində, Dağlar qoynunda yerləşən Lahıc Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Burada misdən döymə üsulla hazırlanan silahlar və qablar Lahıcı çoxdan məşhurlaşdırıb. Qəsəbədəki emalatxana və mağazaların demək olar ki, hamısı mərkəzi küçə boyunca yerləşib və bu ərazi turistlərin ən çox gəldiyi yerlərdəndir.
Lahıc sənət növlərinin çoxluğuna və sənətkarlarının sayına görə təkcə Şirvan elində, yaxud da Azərbaycanda deyil, eləcə də Yaxın Şərqdə tanınıb. Zamanında Lahıcda 123 sənət növü olub. Hazırda bu sənət növlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi diqqət mərkəzində saxlanılır. Bir vaxtlar varlı tacirlərin Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən Lahıca yola salınan mis bu gündə qəsəbə sakinlərinin emalatxanalarının əsas xammalı olaraq qalır. Mütəmadi olaraq turist izdihamının yaşandığı qəsəbə yollarında nadir sənət nümunələrinin nümayişi və satışı həyata keçirilir.
Lahıc qəsəbəsini gəzən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva buradakı sənətkarlıq emalatxanalarında oldular, sakinlərlə görüşüb söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.
Qəsəbə sakinləri dövlətimizin başçısını və birinci xanımı böyük sevinc və coşğu ilə qarşıladılar.
Lahıc qəsəbəsinin dörd yaşlı sakini Ayan Abdullazadə Azərbaycana həsr olunmuş şeir söylədi:
Azərbaycan! Qibləgahım!
İlk ümidim, son pənahım!
Səndən ауrı həyatmı var?!
Qollarımda qandal olsa,
Ayağımda buxov olsa,
Yenə dizin-dizin
Sürünərəm qucağına!!!
Gözlərimə pərdə ensə,
İşıq gələr sürtsəm sənin,
Рak, müqəddəs torpağına!!!
Hər vücudda iki göz var,
İki ayaq, iki əl var, iki qulaq,
Fəqət, fəqət ürək birdir!
Dil də birdir!
Demək, onda dilək birdir!
Neçə bölsən, hər əzaya
Yüz ad versən,
Nəhayətdə bədən birdir!
Gündoğandan Günbatana,
Güneyindən quzeyinə,
Dörd iqlimdə, dörd cəhətdə,
Vətən birdir!
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəsəbə sakini misgər Nəzər Əliyevin evində oldular.
Ailə üzvləri dövlətimizin başçısını və xanımını böyük sevinc hissi ilə qarşıladılar.
Ailə üzvləri: Xoş gəlmisiniz. Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirəm.
Birinci xanım Mehriban Əliyeva: Xoş gördük. Çox sağ olun.
Prezident İlham Əliyev: Söz vermişdim ki, gələcəyəm. Lahıca da gəldim, evinizə də gəldim.
Ailə üzvləri: Çox sağ olun. Nə böyük xoşbəxtlikdir. Həmişə siz gələsiniz. Allah köməyiniz olsun.
Misgər Nəzər Əliyevin ailə üzvləri dövlətimizin başçısı və birinci xanım ilə xatirə şəkli çəkdirdilər.
Göründüyü kimi kürəyini qürurlu dağlara söykəyən Lahıcın sakinləri sənətkarlığın ən nadir və əvəzolunmaz nümunələrini yaradaraq tarixə öz adlarını yazmağı bacarıblar. Mürəkkəb iqlim və relyef şəraitində onlar məhz öz intellektlərinə və zövqlərinə güvənərək Azərbaycanın və Lahıcın adını bütün dünyada məşhurlaşdırıblar.