Bakı Beynəlxalq Avtovağzalında gözlənilən yeniliklər
- 29.08.2018, 11:38,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBA) yeniliklər tətbiq olunub və bundan sonra da sərnişinlərin rahatlığının təmin edilməsi üçün digər yeniliklər tətbiq olunacaq.
Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, artıq avtovağzalda kassalar sərnişinlərin gözləmə zalarına yaxınlaşdırılıb: “Əvvəl kassalar sərnişinlərin gözləmə zallarından aralı yerləşdirilmişdi, indi isə gözləmə zallarının yanındadır. Kassaların üzərində də məlumat lövhələri yerləşdirilib. Lövhələrdə nəqliyyat vasitələrinin hərəkət cədvəli, beynəlxalq və şəhərlərarası avtobuslarda əl və baqaj yüklərinin aparılma qaydası və başqa məlumatlar əks olunur. Məlumatlar Azərbaycan, rus və ingilis dillərindədir”.
O vurğulayıb ki, yaxın zamanlarda daha fərqli məlumat lövhələri də quraşdırılacaq:
“Həmin lövhələrdə maarifləndirici məlumatlar, hansı hallarda "qaynar xətt"ə müraciət edilməsi, daşıyıcı şirkətin və sürücünün vəzifə və öhdəlikləri, müntəzəm marşrutların hansı rayonlardan keçərək təyinat nöqtəsinə çatması göstəriləcək. Yəni sərnişinlər lazım olan bütün məlumatları lövhələrdən əldə edə biləcəklər”.