Ölkənin su ehtiyatları azalıb
- 01.09.2018, 12:28,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 10 Selsiyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur, az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirlik yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev deyib.
R.Verdiyevin sözlərinə görə, ölkənin yerli səth su ehtiyatları əgər 1960-90-cı illərdə 10 kubkilometrə yaxın idisə, son illərdə bu azalaraq 9 kubkilometrə düşüb:
"Ölkədə içməli su tələbatını, eyni zamanda suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd çaylar olan Kür, Araz, Qanıx, Samur, Astara və s. çayların su ehtiyatlarından istifadə edir. İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 kubkilometr təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər. İqlim dəyişmələrinin təsiri və qonşu dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çayların su ehtiyatları da son illər azalıb. 1960-90-cı illərlə müqayisədə son illərdə Kür, Qanıx və Araz çaylarının su ehtiyatları 30%-ə qədər azalır və nəticədə ölkəmizin ərazisinə bu çaylarla ildə cəmi 12-15 kubkilometr su daxil olur".
Ekspert bildirib ki, müxtəlif iqlim ssenarilərinə görə su ehtiyatlarımızın gələcəkdə daha da azalacağını nəzərə alaraq bu gün həm ölkə daxilində, həm də qonşu dövlətlərlə müxtəlif addımlar atılmalı və uyğunlaşma tədbirləri həyata keçirilməlidir:
"Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməlidir. Su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməlidir".