Azərbaycanda bu ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 756,8 min nəfər, gecələmələrin sayı 1288,9 min adam-gecə olub.
Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilimiş şəxslərin sayında 25,8%, gecələmələrdə 19,3%, gəlirdə 22,3% artım müşahidə edilib.
Gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib ki, bu da ümumi gecələmələrin 72,6 faizini təşkil edir. Gecələmələrin 14,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 14,1 faizi Rusiya Federasiyası, 6,6 faizi İran, 4,5 faizi Türkiyə, 4,3 faizi Səudiyyə Ərəbistanı, 3,4 faizi Böyük Britaniya, hər biri üzrə 3,3 faiz olmaqla Hindistan və ABŞ, 3,2 faizi İsrail, 2,9 faizi Qətər, 2,8 faizi Küveyt, 2,1 faizi İraq, 2,0 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Almaniya, 1,3 faizi Ukrayna, 28,6 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.
Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri 167 milyon manat olub ki, onun 66,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.