Bakıda Hərbçilərin Futbol üzrə 1-ci Dünya Kubokunun bağlanış mərasimi olub

Bakıda Hərbçilərin Futbol üzrə 1-ci Dünya Kubokunun bağlanış mərasimi olub Bu gün Bakıda Hərbçilərin Futbol üzrə 1-ci Dünya Kubokunun bağlanış mərasimi olub.

APA-nın məlumatına görə, mərasimə Azərbaycan Müdafiə Nazirliyinin və çempionatda iştirak edən ölkələrin nümayəndələri qatılıb. Əvvəlcə çempionatın hakimləri xatirə medalı ilə təltif olunub. Daha sonra çıxış edən Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çempionatın keçici kubokunu qalib ölkə olan İraq komandasına təqdim edib.

Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) prezidenti Hamad Kalkaba Malboum isə çıxışında çempionatın keçirilməsində dəstəyə görə, Azərbaycan prezidentinə, xalqına və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirib. O deyib ki, növbəti kubok yarışına ev sahibliyi edəcək ölkənin adı yaxın aylarda bəlli olacaq.

Müdafiə naziri Səfər Əbiyev isə yarış iştirakçılarına uğurlar arzulayaraq, Azərbaycanın bu çempionata yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb: “İşğalçı Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan hərbçiləri bu çempionatda nəaliyyət əldə etməklə, Silahlı Qüvvələrin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olduğunu göstərdilər”. S. Əbiyev Azərbaycan idmançılarına da təşəkkür elan edib.

Qeyd edək ki, kubokda dünyanın 16 ölkəsindən komandalar iştirak edib.
Şərhlər
İdman bölməsinin xəbərləri