Yeni açılan Ələt-Astara-İran yolunda sürət həddi təyin edildi





Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi təyin olunub.

Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bir neçə gün öncə istifadəyə verilən yolda sürət həddi 120 km/saat təyin olunub.

Qeyd edək ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri