Azərbaycanda 2-ci və 3-cü siniflər üçün nəzərdə tutulan "Musiqi" və "Təsviri incəsənət" dərsliklərindən çətin mövzu və terminlərin çıxarılması yalnız qüvvədə olan fənn proqramında (kurikulumda) müvafiq dəyişikliklərin edilməsindən sonra mümkün ola bilər.
LİVE.az-ın xəbərinə görə, bunu Trend-ə Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Həsənova deyib.
Onun sözlərinə görə, bu il 2 və 3-cü siniflər üçün nəzərdə tutulan "Musiqi" və "Təsviri incəsənət" dərslikləri 4 illik istifadə müddəti ərzində meydana çıxmış təkliflər əsasında müəlliflər tərəfindən təkmilləşdirilib:
"Lakin dərsliklərin mövcud fənn proqramı (kurikulum) əsasında yazılmalı olduğunu və bəzi mövzu və terminlərin proqramdan (kurikulumdan) irəli gəldiyini nəzərə alsaq, onların dərslikdən çıxarılması yalnız qüvvədə olan fənn proqramında (kurikulumda) müvafiq dəyişikliklərin edilməsindən sonra mümkün ola bilər".
V.Həsənova əlavə edib ki, bu il ümumlikdə istifadədə olan 2, 3 və 7-ci siniflərin dərslikləri 4 illik istifadə müddətini başa vurub, buna görə də qaydaya əsasən, onların yenidən nəşri nəzərdə tutulub.
Nazirlik rəsmisi qeyd edib ki, bu imkandan istifadə edərək həmin dərsliklərin təkmilləşdirilməsi məqsədə müvafiq hesab edilib.
V.Həsənovanın sözlərinə görə, 2-ci, 3-cü və 7-ci siniflərin dərsliklər təkmilləşdirilərkən onların istifadə edildiyi 4 illik müddət ərzində istifadəçilər tərəfindən verilmiş təkliflər, təhsili tənzimləyən və dəyişdirilmiş hüquqi-normativ sənədlərin tələbləri, dərsliyin əhatə etdiyi elmdə baş vermiş yeniliklər, yeni pedaqoji yanaşmalar nəzərə alınıb: "Lakin bu təkmilləşdirmələr həmin dərsliyin fənni üzrə təhsil proqramından (kurikulumdan) kənara çıxa bilməz və çıxmayıb".
Bu il 11-ci siniflər üçün hazırlanan yeni dərsliklərin əvvəlkilərdən nə ilə fərqləndiyinə gəldikdə, V.Həsənova qeyd edib ki, 11-ci sinif dərslikləri yeni təhsil proqramı (kurikulum) əsasında hazırlandığı üçün əvvəlki dərsliklərlə müqayisə oluna bilməz.
O qeyd edib ki, 11-ci sinfin yeni dərslikləri yeni təhsil proqramına (kurikuluma) daxil olan bütün fənləri əhatə edir.
V.Həsənova əyanilik üçün əvvəlki və yeni proqramda olan fənlərin siyahısını da açıqlayıb:
Əvvəlki proqramda olan fənlər | Yeni proqramdakı (kurikulum) fənlər |
Azərbaycan dili | Azərbaycan dili |
Ədəbiyyat | Ədəbiyyat |
Xarici dil | Xarici dil |
Cəbr və analizin başlanğıcı | İkinci xarici dil |
Həndəsə | Riyaziyyat |
İnformatika | İnformatika |
Azərbaycan tarixi | Azərbaycan tarixi |
Tarix | Ümumi tarixi |
İnsan və cəmiyyət | Fizika |
İqtisadiyyatın əsasları | Kimya |
Fizika | Biologiya |
Astronomiya | Coğrafiya |
Kimya | Fiziki tərbiyə |
Biologiya | Gənclərin çağırışaqədərki hazırlığı |
Fiziki coğrafiya |
|
Fiziki tərbiyə |
|
Gənclərin çağırışaqədərki hazırlığı |
|
|
|