Azərbaycanda icbari tibbi sığorta haqqının bu yollarla ödənilməsi təklif edilir

Azərbaycanda icbari tibbi sığorta haqqının muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün illik 120 manat olması təklif edilir.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta Agentliyinin departament rəhbəri Araz Nəsirov deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur. Azərbaycanda isə ilkin mərhələdə bu vəsaitin 3 faizə (işçi və işəgötürən birlikdə) yaxın olması, bunun 2 faizinin işçinin, 1 faizinin isə işəgötürənin payına düşməsi təklif olunur.

Agentlik rəsmisi əlavə edib ki, vəsaitin 3 faizə yaxın olması səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verər.

A.Nəsirov icbari tibbi sığorta haqqının təminat verilən tibbi xidmətlərdən yararlanmaq üçün vətəndaşların ödəməli olduğu pul məbləğinin olduğunu xatırladıb.

O qeyd edib ki, keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin edilməsi, maliyyə axınlarının şəffaflaşdırılması əsas məqsədlərdəndir.

A.Nəsirov əlavə edib ki, hazırda icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri