Bakının mərkəzi ərazilərindən birinin yenidən qurulması üzrə planlar açıqlandı

Bakının mərkəzi ərazilərindən birinin yenidən qurulması üzrə planlar açıqlandı Mütəxəssislər Bakının "Sovetski" və ya "Beşmərtəbə" kimi tanınan mərkəzi ərazisinin yenidən qurulması üzrə bir sıra təkliflər hazırlayıblar. Bu barədə Trend-ə layihənin hazırlanmasında iştirak edən mənbə deyib.


Təklif edilən ideyalar N.Nərimanov (keçmiş Sovetski küçəsi) və Azərbaycan (keçmiş Hüsü Hacıyev) prospektləri, İstiqlaliyyət (keçmiş Kommunist küçəsi) və Salatın Əsgərova (keçmiş Sverdlov küçəsi) küçələri arasında yerləşən ərazinin yenidən qurulmasını əhatə edir.


Mənbə deyib: "Əsas vəzifəmiz yaşayış məhəllələrinin böyük hissəsini bu tarixi ərazidən kənara çıxarmaq və həmin məhəllələrin bu ərazinin 20 faizdən çoxunu tutmamasına nail olmaqdır. Bu zaman bir sıra amillər, yəni buradakı infrastrukturun bərbad vəziyyətdə olması, daşınmaz əmlakın yüksək qiymətləri, həmçinin xeyli sayda tarixi və memarlıq abidələrinin bir yerə cəmləşməsi müəyyən çətinliklər yaradır".


Heydər Əliyev Sarayından başlayan və Füzuli meydanındakı dairəyədək çatdırılan bulvar zolağı gələcəkdə Hüseyn Cavid parkınadək uzanacaq və bununla da bu ərazini iki hissəyə - İstiqlaliyyət küçəsindən Mirzəağa Əliyev küçəsinədək və Mirzəağa Əliyev küçəsindən Salatın Əsgərova küçəsinədək böləcək.


Mənbənin sözlərinə görə, birinci sahənin xarakterik özəlliyi onun memarlıq abidələri ilə sıx olmasıdır, belə ki, burada Nazirlər Kabinetinin reyestrinə daxil edilmiş yerli təyinatlı təqribən 180 mədəni obyekt yerləşir: "Bu sahənin yenidən qurulması memarlıq binalarının saxlanılması, az əhəmiyyətli yaşayış tikililərinin sökülməsi və onların yerlərində 4-5 mərtəbədən çox olmayan (şəhərin bu ərazisinin inşaatının ümumi hündürlüyü belədir) yeni tikililərin ucaldılmasıdır. Bu, İçərişəhərin yaxşı davamı olacaq və paytaxtın qonaqlarına yeni turizm marşrutlarını təklif etməyə imkan verəcək. Bununla da şəhərin bu ərazisində mehmanxana, restoran, suvenir mağazaları, biznes mərkəzləri və s. açılması daha rentabelli olacaq".


Mənbə deyib: "Bura yaşayış məhəllələri üçün yer deyil. Yeni mənzillərin tikintisi ikinci sahədə nəzərdə tutulub. Bu zaman belə tikililərin hündürlüyü 5-7 mərtəbəni ötməməlidir. 12-15 mərtəbəli binaların inşası isə N.Nərimanov prospekti boyunca mümkün olacaq".


Onun sözlərinə görə, ümumilikdə Bakının mövcud ərazisinin yenidən qurulmasının baş planını hazırlamaq, sonra isə inşaatı məhəllələr üzrə layihələndirmək lazımdır, yəni təfərrüatlı iş tələb olunur. Bu işlərdə yerli mütəxəssislərin iştirakı vacibdir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri