"UFC" Nurməhəmmədov-Konor döyüşünə bilet satışından 17 milyon dollar qazanıb

"UFC" Las-Veqasda keçirilən "UFC-229" turnirinə bilet satışından 17 milyon dollar gəlir əldə edib.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında "UFC"nin prezidenti Deyna Uayt bildirib.

D.Uayt bildirib: "Biletlərin satışından biz 17 milyon dollar qazandıq".

Xatırladaq ki, bu gün Las-Veqasda 20 min tamaşaçı tutumuna malik olan "T-Mobile Arena"da "UFC-229" turniri keçirilib. Turnirin mərkəzi döyüşü rusiyalı "UFC"nin yüngül çəki dərəcəsində çempionu Həbib Nurməhəmmədov və irlandiyalı Konor Maqreqor arasında baş tutub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub.

Döyüş bitdikdən sonra zalda kütləvi dava baş verib. H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. İnsident zamanı H. Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən saxlanılıb. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti D. Uayt K.Makqreqorun komandasına xəbərdarlıq edib.
Şərhlər
İdman bölməsinin xəbərləri