“Lifttəmir” İstehsalat Birliyinin direktoru barəsində əlavə cinayət işi başlanılıb

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir.

Bunu jurnalistlərə açıqlamasında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, həmin qurumla bağlı istintaq hərəkətləri aparılır: "Mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb, obyektiv istintaqın aparılması təmin ediləcək".

“Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində isə əlavə cinayət işi başlanılıb.

K.Əliyev qeyd edib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə - 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.




Trend
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri