Azərbaycan Türkiyədən iki mobil səhra hospitalı alıb

Türkiyənin «Turmaks» şirkəti Azərbaycan Silahlı Qüvvələrinə iki mobil səhra hospitalı təhvil verib. Bu barədə APA-ya «Turmaks» şirkətinin nümayəndəsi İlkər Hunər məlumat verib.

Konteynerlərə yerləşdirilmiş, daha asan qurula və daşına bilən bu hospital Azərbaycan Silahlı Qüvvələrinin tələbinə uyğun olaraq ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Müqavilədə nəzərdə tutulandan 2 ay tez – 6 aya istehsal olunaraq sifarişçiyə çatdırılan hər bir hospital 60 nəfər tutur. Artıq istehsalçı şirkət tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin istifadəçi heyətinə hospitalın qurulması və yığılması məqsədilə keçirilən təlimlər başa çatmaq üzrədir.

İ. Hunərin sözlərinə görə, bu konteynerlərdə daşınan mobil səhra hospitalları barədə hərbi sərgilərin birində Azərbaycanın fövqəladə hallar nazirinə də təqdimat keçirilib. O, Azərbaycan FHN ilə görüşlərə başlayacaqlarını da bildirib.

Bir mobil hospital açıldıqda 2500 kvadratmetr ərazini tutur. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri