Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Qeyd olunur ki, sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir: "Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müsahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb".
///
10:52 20/10/18
Qərargah: Badamdardakı sürüşmə sahəsində yeni çatlar yaranıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Bakının Badamdar qəsəbəsindəki sürüşmə ərazisindənki son vəziyyəti açıqlayıb.
Qərargahdan Trend-ə verilən məlumata görə. sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən sahədəki çatlarda artım qeydə alınıb.
Məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müsahidə edilib.
///
17/10/18 19:08
Sürüşmə sahəsində çatlar genişlənib
Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir.
Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub.
Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.
///
09:43 16/10/18
Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasının miqyası genişlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib.
Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.
///
11:02 15/10/18
Badamdar-20-ci sahə avtomobil yolundakı sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında nisbi stabiillik qalmaqdadir.
Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.
///
18:43 13/10/18
Hazırda Badamdarda sürüşmə baş verən əraziyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Baş nazirin müavini Hacıbala Abutalıbov gəlib.
LİVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki vəzifəli şəxs jurnalistlərə açıqlama verib.
Hacıbala Abutalıbov açıqlamasında qeyd edib ki, bu ərazidə tikilən evlər qanunsuzdur:
"Yolun aşağısında restoran da sürüşür, onun fəaliyyəti dayandırılıb, çayxana da təhlükəli yerdədir. Bir ev də qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Vəziyyət çox gərgindir.
Bu gün səhər saat 9-dan sürüşmə artıb və davam edir. Köçürülən 11 ailə öz qohumlarının evlərinə gediblər. Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, hamısı söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir. Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur".
H. Abutalıbovun sözlərinə görə, ən böyük bəla ondadır ki, buradakı və sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur. Yeraltı su ötən ilə nisbətən 18 metr yuxarı qalxıb. Halbuki 6 nasos gecə gündüz bu ərazidə işləyir: “Sürüşmə zonasının altında 4-6 metr dərinlikdə çuxurlar yaranıb. 32 metrlik svaylar vurulub, amma sürüşmə 42 metr dərinlikdə aktivdir. Hazırda bura heç bir müdaxilə mümkün deyil. Yolun aşağısındakı digər evlərə rəsmi xəbərdarlıq edilib, lakin rəyə görə onları hər hansı təhlükə gözləmir. Sürüşmənin səbəbi sudur, əsas isə kanalizasiya sularıdır. Hazırda ən təhlükəli vəziyyətdə olan yuxarıda 11 ev, aşağıda restoran, çayxana və 1 evdir”.
///
16:20 12/10/2018
Bayılda Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə-Badamdar yolu bağlanılıb, maşınların hərəkətinə icazə verilmir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, 2012-ci ilin 1 dekabrında Badamdar-20-ci sahə avtomobil yolunun sağ cinahında baş vermiş sürüşmə prosesinin yayıldığı sahənin eni 180-220 metr, uzunluğu 200-250 metr arasında, qırılma qaşının hündürlüyü 9-10 metr olub. Həmin sürüşmə sahəsinin qarşısının alınması məqsədilə bu ərazidə 2013-cü ildə uzunluğu təxminən 150 metr olan istinad divarı tikilib, yamacda müəyyən hamarlaşma işləri aparılıb:
"Biz uzun müddət idi ki, həmin ərazidə monitorinq işləri aparırdıq. Bu vaxta qədər ciddi dəyişiklik hiss etməmişdik. Lakin oktyabrın ilk günlərində monitorinq zamanı kütlə üzərində yeni çatların, qırılmaların, kütlənin ilk səthində kiçik gölməcələrin yarandığı aşkarlandı. Eyni zamanda, 2013-cü ildə tikilən istinad divarında deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var. Bu barədə biz oktyabrın 3-də müvafiq orqanlara məlumat verdik ki, həmin yerdə yenidən gərginlik müşahidə edilir. Həmin proses bu gün daha da gərginləşib və sürüşmə prosesinin dinamikasında ciddi gərginlik müşahidə edilir".
Hazırda bu prosesin aktiv fazada olduğunu və davam etdiyini deyən Ə.Qaralov qeyd edib ki, bu gün baş nazirin müavini Hacıbala Abutalıbov başqa olmaqla, bır sıra dövlət orqanlarının nümayəndələri əraziyə baş çəkiblər. Ərazi ilə hazırlanan ETSN tərəfindən hesabat dövlət orqanlarına təqdim ediləcək.
Qeyd edək ki, sürüşmə ilə əlaqədar Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.