Toşak: ""Xəzər Lənkəran" "Makkabi"ni keçmək gücündədir"

Toşak: ""Xəzər Lənkəran" "Makkabi"ni keçmək gücündədir" “Fənərbaxça” ilə keçirəcəyimiz yoldaşlıq görüşünə çox böyük önəm veririk və son dərəcədə ciddi hazırlaşırıq”. APA-nın verdiyi xəbərə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Türkiyə mətbuatına açıqlamasında deyib. Komandasını iyulun 21-də “Fənərbaxça” ilə Lənkəranda yoldaşlıq görüşünə çıxaracaq 64 yaşlı uelsli mütəxəssis türkiyəli futbolsevərlərə yaxşı tanışdır.


Belə ki, “Beşiktaş”la ölkə kubokunu qazanan Toşak türkcə "“Qalatasaray” özəl, “Fənərbaxça” çox gözəl, amma ən böyük “Beşiktaş”" deyib: “”Fənərbaxça” ilə “Beşiktaş”ın UEFA ilə yaşadıqları problemlər haqda çox məlumatım yoxdur. Buna görə şərh verməyim doğru olmazdı. Türkiyədə işlədiyim vaxtda “Qalatasaray”ın UEFA ilə problemləri olsa da, bu, çözülmüşdü. Ümid edirəm ki, hər 2 komandanın problemləri qısa vaxtda həll olunacaq”.


Türkiyə milli komandasının vəziyyətini İstanbuldakı dostlarından və mediadan izləməyə çalışdığını da bildirən mütəxəssis onun qarşıya qoyduğu məqsədə çatacağına inanır: “Bir az çətindir, amma Braziliyadakı final mərhələsinə qatılmağını çox istəyirəm. Türkiyədə “Beşiktaş” kimi bir klubda baş məşqçi olmaqdan özümü çox xoşbəxt hiss edirdim. Həmin vaxt Madrid “Real”ından təklif almasaydım, uzun illər Türkiyədə qalmağı planlaşdırırdım. Mən çalışdığım dövrdə Türkiyə futbolunda vəziyyət daha yaxşı idi. Həmin vaxt “Qalatasaray” UEFA kubokunu, Türkiyə yığması isə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında bürünc medal qazanmışdı”.


Toşak Avropa Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə sınaq haqda da fikirlərini bildirib: “İsrail klubu ciddi rəqibdir. Ancaq yenə də daha bir mərhələ keçmək gücdəyik. Mövsümlərarası fasilə ilə əlaqədar komandam tam hazır deyil. Rəqib sahəsində alacağımız üstün bir hesabdan sonra öz azarkeşlərimizin möhtəşəm dəstəyi ilə “Makkabi”ni keçə biləcəyik”.


Qeyd edək ki, lənkəranlılar ilk oyunu iyulun 18-də Hayfada keçirəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri