İşəgötürənin ödədiyi məcburi dövlət sosial sığorta haqları azaldılır



Məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi ilə bağlı islahat aparılacaq.

LIVE.az report-a istinadən xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3%, işəgötürən üzrə 22%, aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissəsinin 10%-i, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissəsinin 15%-i həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

“Təklif olunan islahatın tətbiqi nəticəsində dövlət büdcəsinin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların ilkin olaraq azalması ehtimal olunur. Bununla belə növbəti illərdə iqtisadi fəaliyyətin stimullaşdırılması, iş yerlərinin “kölgədən çıxması” və müvafiq olaraq ödənilən əmək haqlarının şəffaflaşdırılması, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi hesabına həmin azalmanın aradan qaldırılmasına və bedcə daxilolmalarının artaraq mövcud səviyyəni üstələməsinə şərait yaranacaq”, - deyə büdcə zərfində vurğulanıb.

Büdcə zərfinin ilkin layihəsində qeyd olunub ki, həyata keçirilən islahatla sosial sığorta və işsizlikdən sığorta haqlarının vaxtında və tam həcmdə hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanları tərəfindən təmin ediləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri