Bolton: Tramp Azərbaycana yardımı yasaqlayan 907-ci düzəlişi aradan qaldıra bilər
- 25.10.2018, 10:41,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərindən istifadə edərək Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra bilər.
Bunu ötən gün Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib.
O deyib: "Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk".
C.Bolton ABŞ-ın Cənubi Qafqazı, xüsusən Azərbaycanı özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab etdiyini bildirib.
O qeyd edib ki, Azərbaycana səfəri zamanı həmçinin Dağlıq Qarabağ münaqişəsini də müzakirə edib.
Qeyd edək ki, 907-ci düzəliş - 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Trend