Saxta DTX “təhlükəsizlik orqanı rəsmisi” və saxta polis saxlanıldı



DTX tərəfindən aparılan araşdırmalarla Azərbaycan vətəndaşı Həşimov Rzamin Rza oğlunun özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək əlaqəsində olan şəxslərlə birlikdə Fətəliyev Hacı Fətəli oğlu, Əmənov Faiq Mətləb oğlu və digər vətəndaşların maddi vəsaitlərinin ələ keçirilməsi istiqamətində cinayət əməlləri törətməsi müəyyən edilib.


Live.az xəbər verir ki, qafqazinfo-ya qurumdan daxil olan məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri ilə Rzamin Həşimovun qeyd olunan əməlləri müfəssəl qeydə alınıb.


Rzamin Həşimov həmin cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, saxlanılarkən üzərində xüsusi vasitə olan əl qandalı daşıdığı müəyyən edilib.


Məlum olub ki, Rzamin Həşimov əvvəllər də özünü vəzifəli şəxs kimi təqdim edərək törətdiyi cinayət əməllərinə görə 29 yanvar 2008-ci il və 13 fevral 2013-cü il tarixli məhkəmə hökmləri ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub.


Faktla bağlı aparılan cinayət işi üzrə məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Rzamin Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda istintaq araşdırmaları davam edir.




Həmçinin Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək soyğunçuluq cinayətləri törədən şəxs saxlanılıb.  


LİVE.az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, paytaxt sakini Ülvi Abdullazadə “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və soyğunçuluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.


Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Şaban Məmmədov saxlanılıb. Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib. Ş.Məmmədovun daha 4 nəfərə qarşı eyni üsulla soyğunçuluq etdiyi məlum olub.


Qeyd edilən faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.


Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri