İlin sonunda metronun iki yeni stansiyası istismara verilə bilər
- 08.11.2018, 16:58,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hazırda Bakı Metropoliteninin III - Bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib.
Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: “Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır”.
Baş mühəndis qeyd edib ki, metro vaqonları parkının plana uyğun sürətlə yenilənməsi nəticəsində, Fransanın “Alstom” və Rusiyanın "Metrovaqonmaş" şirkətlərinin birgə istehsalı olan ən müasir, sərnişin üçün yüksək rahatlığa malik 15 ədəd vaqon alınıb.
Ə.Osmanov deyib ki, vaqon parkının artması saatda 30 cüt qatar hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini çoxaltmağa imkan verib:
"İnkişafın və yenidənqurmanın davamı olaraq, 2018-ci ildə "Metrovaqonmaş" şirkətindən 10 vaqon alınıb. Sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin artırılması istiqamətində bütün stansiyaların vestibüllərində interaktiv-sensorlu məlumat köşkləri qurulub. Şəhərin xəritəsi üzərindəki Bakı Metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir. Bu il həmin köşklərin imkanları genişləndirilib, sərnişinlərə məlumatlar daha da ətraflı çatdırılır. Məlumatların daha dolğun və görüntülü olması üçün bütün stansiyalarda olan sərnişin informasiya sisteminin monitorları dəyişdirilərək ən yenilərilə əvəz olunub".