Azərbaycanda 135 nəfəri ilan, əqrəb və hörümçək sancıb



Azərbaycanda aprel ayından indiyədək 135 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qaraqurd sancıb.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, Azərbaycanda aprel ayından indiyədək 80 nəfər ilansancma, 24 nəfər qaraqurd, 31 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

A.Maqsudov qeyd edib ki, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.

Şöbə müdiri bildirib ki, statistikaya əsasən, ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri və Hacıqabul, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.

Onun sözlərinə görə, yanvar ayından indiyədək 132 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə alıb.

A.Maqsudov əlavə edib ki, bu il qeyd edilən sancma və dəm qazından zəhərlənmə hadisələri nəticəsində ölüm baş verməyib.

Şöbə müdiri onu bildirib ki, bu ilin əvvəlindən indiyədək 40 nəfər sirkə turşusundan zəhərlənib. Onların 3-ü sirkə qəbulundan zəhərləndikləri üçün dünyalarını dəyişiblər.
Şərhlər
Sosial bölməsinin xəbərləri