UEFA prezidenti Super Liqanın yaradılmayacağını bəyan edib




UEFA prezidenti Aleksander Çeferin Avropanın aparıcı futbol klublarının Super Liqa yaratmaq istəyi ilə bağlı iddialara münasibət bildirib.

AZƏRTAC “Sport.ru”ya istinadla xəbər verir ki, Avropanın ali futbol qurumunun rəhbəri “BBC”yə açıqlamasında bunun baş verməyəcəyini bildirib. Bu xəbərlərin həqiqəti əks etdirmədiyini deyən UEFA prezidenti bildirib: “Bütün bunlar uydurmadır. Bəli, bizim də bəzi ideyalarımız var. Amma burada Super Liqadan söhbət gedə bilməz. Biz istəyirik ki, bütün klubların avrokuboklarda iştirak etmək imkanı olsun”.

Məlumat üçün bildirək ki, Almaniyanın “Spiegel” jurnalı Avropanın aparıcı futbol klublarının elit liqa yaratmaq istəyi ilə bağlı məqalə dərc edib. Yazıda 11 klubun UEFA-nın tərkibindən çıxaraq Çempionlar Liqasına alternativ Super Liqa adlı yeni turnir təsis etmək niyyətində olduğu vurğulanırdı. Həmin 11 komandanın növbəti 20 il ərzində daimi yarışlarda çıxışının təmin olunması, əlavə 5 komandanın isə qonaq qismində dəvət edilməsi nəzərdə tutulur.
Şərhlər
İdman bölməsinin xəbərləri