Rusiya Azərbaycana Xəzərdə birgə sualtı ekspedisiyalar aparmağı təklif edib


Rusiya Coğrafiya Cəmiyyəti Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna Xəzər dənizində birgə sualtı ekspedisiyalar aparmağı təklif edib.

Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev deyib.

İ.Əliyevin sözlərinə görə, sualtı arxeoloji ekspedisiyaların aparılması üçün böyük maliyyə vəsaiti və bu sahə üzrə mütəxəssislər lazımdır.

Ekspedisiya rəhbəri qeyd edib ki, bu il Azərbaycanda olan Rusiya Coğrafiya Cəmiyyətinin nümayəndələri də sualtı arxeoloji ekspedisiyaların aparılması üçün Azərbaycana texniki və kadr baxımından yardım göstərə biləcəklərini açıqlayıb:

"Onlar bu işi 2019-cu ilin planına daxil ediblər. Ekspedisiyanın Xəzərin Azərbaycan sektorunda aparılması nəzərdə tutulur".

Azərbaycanın da iştirakı ilə hələ 1968-ci ildə Xəzərdə sualtı arxeoloji ekspedisiyaların aparılmasına başlanıldığını xatırladan İ.Əliyev 1980-ci illərin sonlarında bu işin dayandığını söyləyib.

Onun sözlərinə görə, 2000-ci illərdə bu işə başlamaq üçün yenidən cəhdlər edilsə də, texniki və maliyyə baxımdan çətinliklərin olması səbəbindən ekspedisiyanı reallaşdıra bilməyiblər.

İ.Əliyev Xəzərin Azərbaycan sektorunda arxeoloji abidələrin çox olduğunu, bu səbəbdən də ekspedisiyalar aparılacağı təqdirdə çox sayda tarixi abidələrin üzə çıxmasının mümkünlüyünü söyləyib:

"Bilgəhdə Amburan adlanan yerdə qədim dövrlərdə liman olub. Səfəvilər dövründə və ondan daha əvvəl gəmilər oraya yan alıb, karvanlar oradan Bakıya, yaxud Şirvan yoluna çıxıblar. Pirallahı yaxınlığında da qədim liman, Zirə bağları deyilən ərazidə (Şəhri Gürgahda) şəhər tipli yaşayış yeri olub. İndi də böyük dalğalar olanda sahilə 10-15-ci əsrə aid saxsı qablar çıxır".
Şərhlər
Sosial bölməsinin xəbərləri