Nazirlər Kabineti xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.
Trend-in məlumatına görə, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.
Şəki Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Qeyd edək ki, Azərbaycan kino məktəbinin görkəmli nümayəndəsi, rejissor, operator və ssenari müəllifi, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib.
1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator işləməyə başlayaraq "Onun böyük ürəyi" bədii filmini çəkən sənətkar, sonrakı illərdə "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Skripkanın sərgüzəşti" kimi filmlərlə Azərbaycan operatorluq sənətinə böyük tövfələr verib.
İlk dəfə rejissor kimi 1974-cü ildə "Qatır Məmməd" filminə quruluş verən R.Ocaqov 30 ildən artıq müddətdə "Tütək səsi", "Ad günü", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq", "Təhminə", "Otel otağı" və s. filmlərlə Azərbaycan kino xəzinəsinin qiymətli incilərini yaradıb.
R.Ocaqov 2006-cı ildə Bakı şəhərində dünyasını dəyişib.