Azərbaycanın görkəmli rəssamı Tahir Salahov 90 yaşını qeyd edir



Bu gün Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun doğum günüdür.


LİVE.az xəbər verir ki, 90 yaşını qeyd edən rəssam, ad gününü ailə üzvləri ilə birlikdə keçirəcək.


Bu haqda rəssam özü TASS agentliyinə bildirib. Sənətkar bildirib ad gününü Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyətinə qəbulundan sonra qeyd edəcək.


 


Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalq rəssamına təbrik məktubu ünvanlayıblar.


Bundan başqa, Rusiya prezidenti Vladimir Putin və Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.


Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.


O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub.1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.



Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.


T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.


Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.


Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülüb və 2018-ci ildə Bakıda keçirilən "Ənənələrin izi ilə" adlı sərgidə nümayiş olunub. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanıb.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri