Ötən həftə Azərbaycandan 33 əcnəbi deportasiya olunub

Ötən həftə Azərbaycandan 33 əcnəbi deportasiya olunub Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 8-dən 12-dək Bakı şəhərində və rayonlarda keçirilən tədbirlər nəticəsində 762 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan qanunvericiliyinin pozulması faktı müəyyənləşdirilib.

Bu barədə APA-ya DMX-dən məlumat verilib.

Onlardan 135 nəfərə cərimə tətbiq edilib və onların ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Bundan başqa 590 əcnəbi barəsində ölkə ərazisini 48 saat ərzində tərk etmə, 33 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin 4 əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

Həftə ərzində DMX-ə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1534 müraciət daxil olub.

Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 16049 nəfər əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də Xidmətin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində əcnəbinin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkarlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri