Azərbaycanın neft-qaz sənayesində Milliləşdirmə Proqramının 5-ci ildönümü ilə bağlı hesabat toplantısı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “BP Eksploreyşn”in prezidenti Qeri Cons və digər rəsmi şəxslər iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə Milliləşdirmə Proqramının nailiyyətlərindən bəhs edən “Uğur hekayələri” filmini izləyiblər.
2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə neft-qaz sənayesinin işçi heyətinin milliləşdirilməsi, eləcə də neft-qaz sektoru üzrə bilik, bacarıq və səriştəlilik bazasının yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Ötən dövr ərzində SOCAR Azərbaycanın dövlət qurumları, müvafiq icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində neft-qaz sektoru kontingentinin milliləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət aparıb, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycanda hazırlanmasını əsas hədəf götürüb. Ölkəmizdə həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələli şəkildə milli kadrlarla əvəzlənməsi üçün təlim-tədris istiqamətində kurslar və təlimlər təşkil olunub. Bakı Ali Neft Məktəbi, habelə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən beş Təlim Mərkəzi yaradılıb. Milliləşdirmə proqramı qəbul edilmiş prosedur qaydalara və layihələrə uyğun həyata keçirilməkdədir.
Tədbirdə çıxış edən R.Abdullayev deyib: “Biz bu gün neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış möhtərəm Prezidentimiz qarşısında məruzə edirik ki, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrələrini verib. Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri kifayət qədər yüksəkdir. 2013-cü ildə "BP Eksploreyşn" şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda, 2018-ci ilin sonuna işçi heyətin artıq 90%-i milli kadrlardan ibarətdir".
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Cons deyib ki, BP şirkəti Azərbaycanın neft-qaz sənayesində Milliləşdirmə Proqramının həyata keçirilməsi üzrə mühüm nəticələrə imza atıb: "BP 26 il əvvəl Azərbaycanda fəaliyyətə başlayıb və ölkənin bütün enerji layihələrində iştirak etməkdən qürur duyur".
O qeyd edib ki, proqramın icra olunduğu 5 il müddətində BP-də işləyən azərbaycanlıların sayı 90 faizə çatıb: "Biz Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarla birlikdə bu hədəfə nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik".
Regional prezident vurğulayıb ki, şirkətdə yüksək vəzifə tutan azərbaycanlıların sayı bu müddət ərzində 37 faizdən 62 faizə qədər çoxalıb, qadınların sayı isə iki dəfə artıb: "BP Azərbaycan" şirkətində 2005-ci ildə milliləşdirilmiş işçilər 58%, 2013-cü ildə 77%, 2017-ci ildə 89%, 2018-ci ilin sonuna isə 90% təşkil edir. BP-nin tərkibində Azərbaycanın dəniz və qurudakı yataqlarında işləyən 1150 milli mütəxəssis çalışır, onlardan 350 yüksək vəzifəli rəhbər işçi, 510 orta vəzifəli rəhbər işçi, 500 qadın milli kadr, 200 qadın yüksək və orta vəzifəli rəhbər işçi kimi fəaliyyət göstərir".
Azərbaycanın neft və qaz sənayesinin ən böyük yeni layihəsi olan “Şahdəniz-2”-nin hazırkı mərhələsi üzrə milliləşdirmə hədəfinin mühəndis texniki işçilər üçün 30-50%, fəhlə heyəti üçün 70% olmasına baxmayaraq, qeyd olunan layihə çərçivəsində ümumi işçi heyətinin 91%-i yerli kadrlardan komplektləşdirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynov da çıxış edib. O, Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə üzrə göstəricilərin yüksək olduğunu bildirib, görülmüş işlərin yerli mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə və əhalinin məşğulluğunun artırılması istiqamətində yeni əmək bazarının formalaşmasına şərait yaradacağını vurğulayıb.
Xatırladaq ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, 14 noyabr 2013-cü il tarixində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrinin operatoru olan BP şirkəti ilə SOCAR arasında 5 illik (2014-2018) “Milliləşdirmə sahəsində əməkdaşlığa dair” protokol, daha sonra milliləşdirmə istiqamətində işlərin daha səmərəli aparılması üçün 11 fevral 2014-cü il tarixində SOCAR və ƏƏSMN arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Trend