Məmurun ana dilini bilməməsi qəbahətdir



Avqust-sentyabr aylarında teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinqlərin nəticələri açıqlanıb. Mənfi nəticələr ötən illərlə müqayisədə azalsa da, yenə bəzi sahələrdə problemlər qalmaqdadır. Nəticələrlə bağlı keçirilmiş konfransda ədəbi dil normalarının qorunması ilə bağlı məsələ bir daha gündəmə gətirilib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu məsələnin hökumətin xüsusi diqqət mərkəzində olduğunu bildirib.

Bunu LIVE.az "Xəzər Xəbərə" istinadən verir. "Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir". Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan monitorinqlərin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

Əli Həsənov bildirib ki, Azərbaycanda dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür. "Hər bir məmur milli dili bilməlidir",- deyə prezidentin köməkçisi qeyd edib.

Prezidentin köməkçisi onu da vurğulayıb ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir, necə ki, Azərbaycan dövləti Prezident İlham Əliyev başda olmaqla, bu gün o qayğını göstərir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, televiziya və radiolarda dillə bağlı vəziyyət ürəkaçan deyil. Onun sözlərinə görə, 2008-ci ildən bu günə qədər teleradio yayımında Azərbaycan dilinin tətbiqi məsələsi əsasən öz həllini tapsa da, amma hələ də bəzi problemlər qalmaqdadır.

Teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan monitorinqlərin nəticələrinə əsasən, normalar dilin bütün səviyyələri üzrə pozulur. Belə ki, ümumilik 4 633 faktdan 2 765-i fonetik, 511-i leksik, 684-ü isə üslubi səviyyədə norma pozuntusu kimi qeydə alınıb.



Şərhlər
Siyasət bölməsinin xəbərləri