Avtovağzalın ərazisi daxilində və ətrafında xaotik hərəkət aradan qaldırılacaq və hərəkət intellektual şəkildə tənzimlənəcək. Bunun üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti beynəlxalq qurumlarla yeni nəqliyyat qovşağı üzərində iş aparır. Qurumun sözçüsü Nuridə Allahyaraovanın sözlərinə görə, Nəqliyyat Qovşağının qurulmasında məqsəd sərnişindaşımada innovasiyaların tətbiqi ilə rahatlığı təmin etməkdir.
Ərazidə rayonlararası taksi xidməti göstərən avtomobillər üçün də yer ayrılacaq və onlara nəzarət həyata keçiriləcək. Pilot layihə kimi tətbiq ediləcək bu yeniliyin uğurlu olacağı təqdirdə gələcəkdə ölkədəki 60-dan çox avtovağzal və avtostansiya kompleksində tətbiqi planlaşdırılır.
Eyni zamanda qurum tərəfindən yükdaşımalara elektron nəzarətin təmin edilməsi məsədilə də iş aparılır.
Bu yeniliyin tətbiqi ilə daşıma prosesində iştirak edən tərəflər, eyni zamanda dövlət qurumu yükün hərəkətini online formada izləyə biləcək. Hazırda layihənin texniki tərəfləri işlənilir və bu işlər yekunlaşdıqdan sonra pilot tətbiqin həyata keçirilməsinə başlanılacaq.