Azərbaycanda III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycanda III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də keçirdiyi 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanı respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilib. 2013-cü ildə III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini qızlar təşkil edir. 15622 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 10715 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 129 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

Qeyd edək ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri