Bir neçə gündür ki, Maliyyə naziri Samir Şərifovun manatla bağlı açıqlaması müzakirələrə səbəb olub. S. Şərifovun fikirləri mediada və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
LIVE.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazir REAL TV-yə müsahibəsində məlum açıqlamasına yenidən aydınlıq gətirib.
O bildirib ki, manatın kəskin möhkəmlənməsinin milli iqtisadiyyatımıza mənfi təsir göstərməsi heç kim tərəfindən mübahisə doğurmur:
"Şübhəsiz ki, həmin təsirin qarşısının alınması üçün monitar orqanlarımız, ilk növbədə Mərkəzi Bank həmin artıq olan xarici valyutanı bazardan almaq qərarına gəlir. Bununla da manatın əlavə möhkəmlənməsinə imkan vermir. 2018-ci ilin 9-10 ayına baxsaq, Mərkəzi Bankın valyuta ehtiyatları həmin müddət ərzində 300 milyon dollar artıb. Bu onun göstəricisidir ki, manatın möhkəmlənməsinə təzyiqlər olub və bu təzyiqləri də Mərkəzi Bank sovuşdurub.
Vəziyyət budur. Mərkəzi Bank bunu etməsəydi, manat daha çox möhkəmlənəcəkdi və mən dediyim proseslər baş verəcəkdi. İndi bunu başqa adamlar başqa cür yozurlarsa, bu, bir az başqa məsələdir”.